Serj Sarkisyan Azərbaycanı Dağlıq Qarabağı tanımaqla hədələdi
25 Sentyabr 2011 Bazar 05:25
İrəvan rejiminin arzusu Azərbaycanın “erməni soyqırımı”nı tanıması imiş.
“Ermənistan dövləti və xalqı, eləcə də, bütün ermənilər üçün əsas vəzifə Dağlıq Qarabağ məsələsinin dinc yolla həllidir”. Bunu Ermənistan prezidenti Serj Sarkisyan Nyu-Yorkda Ermənistanın müstəqillik günü ilə əlaqədar keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, “Dağlıq Qarabağ artıq 20 ildir ki, müstəqillikdən həzz alır” və problemin həlli nəticəsində Dağlıq Qarabağa hazırkı statusdan aşağı statusun verilə bilməz.

Serj Sarkisyanın sözlərinə görə, Dağlıq Qarabağın müstəqilliyi və xalqın öz müqəddəratını təyin etmək hüququ heç vaxt sual altına alına bilməz. “ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəiliyi ilə biz Azərbaycanla danışıqları davam etdiririk. Mən deməzdim ki, danışıqlar məhsuldar deyil. Digər tərəfdən, Kazan görüşü Azərbaycanın konstruktiv olmadığının ən yaxqşı sübutu idi”, - Ermənistan prezidenti deyib.

Serj Sarkisyan Amerika erməniləri qarşısında çıxışından o qədər vəcdə gəlib ki, çox irəli gedib. O deyib ki, İrəvanın məqsədi “erməni soyqırımı”nın bütün dünya, o cümlədən, Azərbaycan tərəfindən də tanınmasıdır. Ermənistanın BMT-dəki daimi nümayəndəliyində keçirilən ziyafətdə deyəsən spirtli içkilərə bir qədər çox meyl edən Serj Sarkisyan daha sonra hədə-qorxu ilə danışmağa başlayıb. Onun sözlərinə görə, “Azərbaycanın Minsk qrupu çərçivəsindən kənar istənilən hərəkəti Dağlıq Qarabağın Ermənistan tərəfindən tanınmasını sürətləndirir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş Beynəlxalq bayram tədbirindəki çıxışında Dağlıq Qarabağ probleminə toxunmuşdu. Ermənistan prezidentindən fərqli olaraq, Azərbaycan Prezidenti konkret çıxış yolları göstərmişdi. Onun sözlərinə görə, rəsmi Bakı sülh prosesində kolnstruktivlik nümayiş etdirir və Avropanın müsbət təcrübəsindən istifadə edilməsini təklif edir: “Avropada mövcud olan müsbət, çox uğurlu muxtariyyət təcrübəsi, modelləri təklif olunur. Hesab edirəm ki, Avropa ailəsində tətbiq olunmuş uğurlu muxtariyyət nümunələri burada da tətbiq oluna bilər. Biz çox gözəl anlayırıq ki, muxtariyyət nədir, özünüidarəetmə hüquqları nədir. Mən əminəm ki, bu, məsələnin həlli üçün ən başlıca amillər olacaq və biz bu məsələnin həllinə nail olacağıq”.

Azərbaycanın dövlət başçısı da Kazan görüşü və Ermənistanın destruktiv mövqeyi barədə məlumat verib: “Biz belə bir qənaətə gəlirik ki, Ermənistan danışıqları maksimum dərəcədə uzatmaq niyyətindədir. Sonuncu görüşlərimiz də onu nümayiş etdirir ki, onların gündəliyində olan yeganə məsələ sülhün bərqərar olunmamasıdır. Status-kvonun saxlanması prosesi uzatmaq məqsədi daşıyır. Lakin mən qeyd etmək istərdim ki, status-kvo qəbuledilməz bir vəziyyətdir. ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin rəhbərləri də qeyd ediblər ki, status-kvo vəziyyəti dəyişilməlidir. Bu da beynəlxalq ictimaiyyət tərəfindən Ermənistan rəhbərliyinin ünvanına güclü mesajdır. Biz də status-kvonun dəyişilməsinin tərəfdarıyıq. Biz məsələnin sülh yolu ilə həll edilməsini istəyirik və bununla bağlı öhdəliklərimizi dəfələrlə qeyd etmişik. Ermənistan rəhbərliyindən fərqli olaraq biz bu danışıqlarda səmimi şəkildə iştirak edirik. Zənnimcə, bu halda Minsk qrupunun həmsədrləri daha güclü səylər göstərməli, daha fəal olmalıdırlar. Ermənistan hökuməti başa düşməlidir ki, XXI əsrdə bir dövlətin beynəlxalq müstəvidə tanınmış ərazisini işğal edən digər dövlət cəzasız qala bilməz”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar