«Ermənistanla sərhədi olan dövlətdə qalmaram. Bu baş verərsə, Türkiyədəki şirkətlərimi bağlayaram». ANS PRESS-in Türkiyənin "Hüriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə-Azərbaycan əlaqələrini dəyərləndirərkən azərbaycanlı iş adamı, «Palmali» Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov deyib. Onun sözlərinə görə, eyni addımı Türkiyədə fəaliyyət göstərən digər azərbaycanlı iş adamları da ata bilərlər. «Amma Qarabağ münaqişəsi həll edilsə, həm Türkiyə, həm də Azərbaycan tərəfdən sərhədlər açılsa, bu, Ermənistan da daxil olmaqla hər kəs üçün yaxşı olar», deyə M. Mənsimov bildirib.
Azərbaycan ilə Türkiyənin iki dövlət bir millət olduğunu qeyd edən, M. Mənsimov son iki ildə Türkiyəyə qoyulan Azərbaycan sərmayəsinin 10 milyard dolları keçdiyini xatırladıb: «Azərbaycanın Türkiyədən başqa kimi var? Türkiyə Azərbaycana arxasını dönməməlidir. 16 il öncə bu sərhədin bağlanmasına səbəb Qarabağ münaqişəsi idi».
Daha sonra M. Mənsimov bu məsələdə panikaya səbəb olmadığını bildirib və Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın əvvəlcə Dağlıq Qarabağ problemi həll ediləcək, daha sonra sərhədlərin açılacağı barədə bəyanatını xatırladıb./ANSPRESS/