Sergey Narışkin: “Rusiya və Azərbaycan həmişə bir yerdə olacaq”
06 Fevral 2010 Şənbə 05:55
Rusiya Prezidenti Administrasiyasının rəhbəri iki ölkə arasındakı münasibətlərin gələcəyinə nikbin baxdığını bildirib
“Rusiya ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var”. Bunu AzərTAc-a müsahibəsində Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin deyib. Administrasiya rəhbəri iki ölkə arasındakı münasibətlərin gələcəyinə nikbin baxdığını bildirib: “Münasibətlərimizin indiki səviyyəsi baxımından ikitərəfli münasibətləri çox müsbət qiymətləndirirəm və onların gələcək inkişafına nikbinliklə baxıram. Biz bir-birimizə lazımıq və əməkdaşlıqda maraqlıyıq. Əslində, bütün ikitərəfli, çoxtərəfli və beynəlxalq problemlərlə bağlı ümumi anlayışımız var. Odur ki, zənnimcə, biz uzun müddət və əbədi bir yerdə olacağıq”.

O xüsusi vurğulayıb ki, Rusiya Azərbaycanı sevir və ölkəmizə yaxşı münasibət bəsləyir. İki ölkə və iki xalq arasında çox mehriban münasibətlər var: “Mən özüm də Azərbaycanı sevirəm. Lap bu yaxınlarda Rusiyanın böyük nümayəndə heyəti Azərbaycanda olub və Hümanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda iştirak edib. Bu, dostluq və mehribanlıq şəraitində keçmiş çox ciddi və yaxşı forum idi. Ümidvarıq ki, həmin forum münasibətləri möhkəmləndirmək üçün hər il bir araya gəldiyimiz tədbir olacaq. Bu ideyanı Azərbasycan Prezidenti İlham Əliyev bəyənib, Dmitri Medvedev də dəstəkləyib. Odur ki, bundan sonra da fəal işləyəcəyik. Xüsusi vurğulamaq istəyirəm ki, bu forumun təşkilində və keçirilməsində Azərbaycanın səfiri Polad Bülbüloğlunun böyük xidməti var”.

Sergey Narışkin qeyd edib ki, iki ölkənin prezident administrasiyaları arasında çox yaxşı dostluq münasibətləri yaranıb, ikitərəfli əlaqələri möhkəmləndirmək istiqamətində sıx və səmərəli dialoq aparılır: “Xeyli plan layihələrimiz vard və elə iki ölkənin prezident administrasiyalarının iştirak etdiyi Azərbaycan-Rusiya Forumu da həmin o layihələrdən biridir. Əməkdaşlığımızın əhatəsi genişdir, bütün istiqamətlərdə hökumətlərarası komissiya işləyir, elə indinin özündə çox iş görülür. Hesab edirəm ki, əməkdaşlığımızın çox böyük perspektivləri var”.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar