Səməd Seyidov Fələstinin Azərbaycandakı səfiri ilə görüşüb
01 Dekabr 2011 Cümə Axşamı 13:22
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili Səməd Seyidov Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərəm A. Rəhim ilə görüşüb.
ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ikitərəfli əlaqələr müzakirə olunub, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
S. Seyidov Azərbaycanın həm Avropa ölkələri ilə, həm də Şərq ölkələri ilə əlaqələrə mühüm əhəmiyyət verdiyini və bu istiqamətdə Yaxın Şərq ərəb ölkələri ilə qarşılıqlı səmərəli əməkdaşlıq etdiyini vurğulayıb. O, Azərbaycanla Fələstin arasında mövcud əlaqələrin, siyasi və iqtisadi münasibətlərin genişlənməsindən söz açıb.
Səfir əlaqələrin inkişafından razılığını ifadə edib. O, ərəb dövlətlərinin beynəlxalq aləmdə tutduğu yeri və oynadığı rolu xarakterizə edərək, Azərbaycanın ölkəsi ilə əməkdaşlığına toxunub. Görüşdə, həmçinin dünyadakı müasir siyasi-ictimai durum, o cümlədən Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ probleminə də toxunulub.
Bununla yanaşı, tərəflər təkcə siyasi-iqtisadi deyil, mədəni-humanitar, xüsusən təhsil sahəsində əməkdaşlığı vacib saydıqlarını bildiriblər.
S.Seyidov rəhbərlik etdiyi ali təhsil ocağında 2011-2012-ci tədris ili üzrə Ərəbşünaslıq ixtisasının açıldığını xatırladıb. ADU-da bu istiqamət üzrə tələbələrin tədris aldıqlarını bildirib. Səfir tələbələrlə tanışlıq və ünsiyyətdən maraqlı olduğunu söyləyib. O, həmçinin dilin səmərəli tədrisinə kömək məqsədilə universiteti dil tədrisi üzrə dərs vəsaitləri ilə təmin etmək imkanlarını bildirib.
Xatırladaq ki, ADU-da İsrail və Yaxın Şərq araşdırmaları mərkəzi fəaliyyət göstərir.
DOSTLARINLA PAYLAŞ: