Səhiyyə Nazirliyi ARDNŞ-dən onlara verilən tibb müəssisələrinin taleyinə aydınlıq gətirib.
10 Yanvar 2012 Çərşənbə Axşamı 12:32
Mərkəzi Neftçilər Xəstəxanası yenə də neftçilərə səhiyyə xidmətləri göstərməkdə davam edəcək.
Azərbaycan Səhiyyə Nazirliyi əvvəllər Dövlət Neft Şirkətinin (ARDNŞ) balansında olan və nazirliyin tabeliyinə verilən Mərkəzi Neftçilər Xəstəxanası və müalicə diaqnostika mərkəzlərində hər hansı struktur və kadr dəyişikliklərinin olub-olmayacağı məsələlərinə aydınlıq gətirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə deyib ki, bu ilin əvvəlinədək Mərkəzi Neftçilər Xəstəxanasında işləyən həkimlər bütün həkimlər kimi, standart maaş alırdılar.

"Ondan əlavə, Neftçilər Xəstəxanasında təsərrüfat hesablı xidmət var. Ondan gələn gəlirin əsasında onların maaşlarına əlavələr olunurdu. Başqa səhiyyə müəssisələrindən fərqli olaraq, Mərkəzi Neftçilər Xəstəxanasının həkimlərinin maaşları bir qədər yüksək idi. Bu xəstəxananın maliyyələşdirmə sistemində heç nə dəyişməyəcək, maliyyələşdirmə elə belə də olacaq", - Qədirli deyib.

O əlavə edib ki, Mərkəzi Neftçilər Xəstəxanası yenə də neftçilərə səhiyyə xidmətləri göstərməkdə davam edəcək. Neftçilər tibbi sığorta hesabına bu müəssisədə pulsuz müayinə və müalicə oluna biləcəklər. Neftçilərin sığortalanması Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilir. Amma digər xəstələrin müayinə və müalicəsi ödənişli olacaq.

Qədirli deyib ki, Dövlət Neft Şirkətinin balansında olan və bu ilin yanvardan Səhiyyə Nazirliyinin tabeliyinə verilmiş müalicə diaqnostika mərkəzlərinin struktur mexanizmi isə hələ hazırlanır.

Onun sözlərinə görə, bu müəssisələrin tabeçilik və strukturunun necə olacağı hələ dəqiqləşdirilməyib. Bu məsələlərin qısa zamanda öz həllini tapacağı gözlənilir.

Mərkəzi Neftçilər Xəstəxanası, eləcə də müalicə diaqnostika mərkəzlərində çalışan işçilərin taleyinə gəldikdə, Qədirli deyib ki, bu müəssisələrdə kadrlar ixtisarları aparılmayacaq, bunun üçün əsas yoxdur.

Azərbaycan Nazirlər Kabineti Dövlət Neft Şirkətinin balansında olan səhiyyə müəssisələrinin yanvardan Səhiyyə Nazirliyinin tabeliyinə keçirilməsi ilə bağlı sərəncam verib.

Sərəncama əsasən, ARDNŞ-in Sosial İnkişaf İdarəsinin balansında olan Mərkəzi Neftçilər Xəstəxanası, habelə Lənkəran, Şirvan, Qəbələ, Füzuli, Quba, Qazax, Bərdə, Cəlilabad, Zaqatala və Şamaxı müalicə diaqnostika mərkəzləri onlara məxsus olan daşınmaz və daşınar əmlakla birlikdə, eyni zamanda, Sosial İnkişaf İdarəsinin balansında olan 240 çarpayılıq xəstəxananın yarımçıq tikilisi Səhiyyə Nazirliyinin balansına verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar