Şəhidlərimizin qanı yerdə qalan deyil. Bunu Xaçmaz rayonunda şəhid Mustafa Coşqunovun dəfn mərasimində bildirdilər.
Bu gecə ermənilərin hücumunu dəf edən zaman şəhid olan Xaçmaz rayonundan hərbi qulluğa çağırılmış Mustafa Əhməd oğlu Coşqunov bu gün axşam yaşadığı Yeni Həyat qəsəbəsində dəfn olunub.
ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, şəhidimizin dəfnində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, əsgərin xidmət keçdiyi N saylı hərbi hissənin nümayəndəsi Nihad Abdullayev, rayon hüquq mühafizə orqanlarının rəhbərliyi və rayon ziyalıları iştirak edib.
Dəfndə iştirak edənlər əsgərin ailəsinə səbr diləməklə yanaşı şəhidlərimizin qanının yerdə qalmayacağını bildiriblər.
Əsgərin xidmət keçdiyi N saylı hərbi hissənin nümayəndəsi Nihad Abdullayev ANS TV-yə müsahibəsində Mustafa Coşqunovun igid kimi vuruşub həlak olduğunu bildirib.
Şəhid dəfn edildikdən sonra fəxri qaravul 3 dəfə yaylım atəşi açıb.
Qeyd edək ki, 8 ay hərbi xidmətdə olmuş Mustafa Əhməd oğlu Coşqunov ailənin ikinci oğlu olub.
Xatırladaq ki, ötən gün cəbhə xəttində ermənilərin hücumu nəticəsində Azərbaycanın 8 hərbçisi şəhid olub.
Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 3 hərbçisi yaralanıb.
Allah rəhmət eləsin!