Həsənov Elvin Çingiz oğlu Sumqayıt şəhərində torpağa tapşırılıb.
Döyüş tapşırığını yerinə yetirərkən düşmənin açdığı atəş nəticəsində dünən şəhid olmuş əsgər Həsənov Elvin Çingiz oğlu martın 18-də Sumqayıt şəhərində dəfn olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dəfn mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Sumqayıt şəhər İcra Hakimiyyəti, şəhidin təhsil aldığı məktəbin kollektivi və hərbi hissənin nümayəndələri, o cümlədən şəhər ictimaiyyəti və müxtəlif təşkilatların rəhbər şəxsləri iştirak ediblər.
Şəhidin yaşadığı mənzilin eyvanından Azərbaycan Respublikasının Dövlət Bayrağı asılmış, binanın qarşısında isə vida mərasimi təşkil edilib.
Mərasimində çıxış edən Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalını şəhidin anası Mətanət Əliqızına təqdim edib.
Şəhidin anası "Təki Vətən sağ olsun!", - deyərək oğlunun layiq görüldüyü medalı bağrına basıb. Sonra şəhidin babası Əli Məmmədov çıxış edərək, yeganə oğlan nəvəsinin torpaqlarımızın müdafiəsi zamanı şəhid olmasından qürur duyduğunu, dəfn mərasiminin yüksək səviyyədə təşkilinə görə ölkə başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Mərasim başa çatdıqdan sonra Şəhidin cənazəsi fəxri qaravulun və böyük izdihamın müşayiəti ilə Sumqayıt şəhərinin Şəhidlər Xiyabanına aparılıb.
Şəhid əsgəri ehtiram ənənələrinə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb. Tabut üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə saxlanılması üçün şəhidin ailəsinə təqdim edilib.
Mərasim iştirakçıları Şəhidlər Xiyabanını "Şəhidlər ölməz, Vətən bölünməz!" sədaları altında tərk ediblər.