Şəhid Amil Əliyev 1 gün əvvəl bacısının toyunda olub
06 İyun 2012 Çərşənbə 06:37
Ailəsinə təhvil verilən şəhidin cənazəsi gecə saatlarında dəfn olunub.
Cəbhə xəttinin Qazax istiqamətində gedən döyüşlərdə şəhid olan Milli ordumuzun manqa komandiri 24 yaşlı Əliyev Amil Novruz oğlunun cənazəsi ailəsinə təhvil verilib. Şəhidin Azərbaycan bayrağına bükülü cənazəsi ötən gecə ailəsinin yaşadığı Qaradağ rayonu Lökbatan qəsəbəsinə gətirilib.
Milli ordunun əcgərini son mənzilə yola salmağa onun ailə üzvləri, yaxınları ilə yanaşı Amil Əliyevlə eyni hərbi hissədə xidmət edən cəbhə yoldaşları da qatılıb. Amilin cənazəsi gecə saatlarında Lökbatan qəsəbəsindəki şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, Amil Əliyev hadisədən bir gün əvvəl bacısının toy məclisində iştirak etməkdən ötrü xidmət etdiyi hərbi hissədən evə məzuniyyətə gəlib. Toydan sonra isə qohumlar müddətdən artıq hərbi qulluqçu olan Amili yenidən Qazaxa yola salıb.
“Saat 4-də postda olmalı idi. Bu gün səhər də zəng elədildər ki, şəhid olub. Özü əsgərlikdən sonra qalmaq istədi. Buralara düşə bilərdi amma o cəbhə xəttini seçdi” – deyə şəhidin atası Novruz Əliyev bildirib.
Şəhidin babası isə nəvəsinin vətən yolunda ölməsi ilə fəxr etdiyini deyib: “Mən fəxr edirəm ki, nəvəm vətən, torpaq, Azərbaycan yolunda şəhid olub. Allah bütün şəhidlərə rəhmət eləsin” – deyə Həsən Qəniyev bildirib.
Xatırladaq ki, ötən gün erməni hərbiçiləri cəbhə xəttinin Qazax rayonu istiqamətində Azərbaycan ordusunun Aşağı Əskipara kəndi yaxınlığındakı mövqelərinə hücum edib. Hücumun dəf edilməsi zamanı isə Amil Əliyev, o cümlədən posta olan 19 yaşlı 4 əsgər Əzizov Xalid Mətləb oğlu, Bağırov Vahid İntiqam oğlu, Ataşlı Zülfüqar Vəli oğlu və İsmayılov Elçin Əlövsət oğlu qəhrəməncasına şəhid olublar.
Allah Rəhmət eləsin.
DOSTLARINLA PAYLAŞ: