Səhər-2 kanalının qarşısını kim və necə alacaq?
02 Dekabr 2011 Cümə 22:11
RİTN: Problem Azərbaycanda televiziyanın bütövlükdə rəqəmsal yayıma keçidi ilə həll ediləcək.
Tehranda Azərbaycan və İran arasında son zamanlar meydana çıxan məsələlərin müzakirəsinə başlanır. Danışıqlarda İran telekanallarının Azərbaycanın efir məkanına müdaxiləsi, həmçinin bəzi İran telekanalları tərəfindən Azərbaycanın daxili işlərinə qarışma cəhdlərinin qarşısının alınması məsələləri müzakirə olunacaq.

İranın “Səhər-2” telekanalında yayımlanan süjetlərlə bağlı Azərbaycan bir neçə dəfə öz rəsmi etirazını bildirib. Sonuncu dəfə Şimon Peresin Azərbaycana səfəri ərəfəsində telekanalın efirində yayımlanan proqramlar, qrafik elementlər rəsmi Bakının İrana nota verməsi ilə nəticələnmişdi. Buna qədər də Azərbaycan İran telekanallarında anti-Azərbaycan əhval-ruhiyyəsinin yayılması ilə bağlı etirazını bildirmişdi. Əksər hallarda İran tərəfi buna telekanalların müstəqil olması və dövlətin onların işinə qarışmaması ilə cavab verirdi.

İranın informasiya texnologiyaları və kommunikasiya naziri Rza Tağıpur Ənbəri İran televiziyalarında yayılan məlumatlarla bağlı bildirmişdi ki, bu ölkədə televiziya və radio təşkilatları müstəqil qurumdur. Onların fəaliyyəti bu nazirlik çərçivəsində həyata keçirilmir.

Ekspertlər isə düşünür ki, əslində İran telekanalları bir mərkəzdən idarə olunur və anti-Azərbaycan xarakterli verilişlərlə İran rəsmi Bakıya təsir göstərməyə çalışır.

Azərbaycanın cənub bölgələrində bu kanalı xüsusi avadanlıq olmadan da izləmək mümkündür. Media hüquqları sahəsindəki mütəxəssis Ələsgər Məmmədli hesab edir ki, bu, hüquq pozuntusudur və məsələ ilə bağlı İranın “Səhər -2” kanalını hətta beynəlxalq məhkəməyə də vermək olar.

Ə. Məmmədli deyir ki, bu kanalların yayımı İran sərhəddindən 150 km aralı, bəzən İsmayıllıya qədər yayılırsa, bu artıq qəsdən olan ciddi şəkildə müdaxilədir: “Bunlar rəsmiləşdirilərək, protokollaşdırılaraq Beynəlxalq Kommunikasiya İttifaqına təqdim olunmalıdır. Daha sərt tədbirlərin görülə, bəlkə Beynəlxalq Məhkəməyə müraciət edilə bilər. İkinci, mövcud olan tezliklərin Azərbaycan istifadəçilərə verilməsidir ki, biz onu doldurduğumuz zaman ora müdaxilə mümkün deyil”.

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi isə əlavə televiziya ötürücüləri qurmaqla, “Səhər-2” kanalının Azərbaycan sərhədləri çərçivəsində yayımlanmasının qarşısını almağa çalışır. ANS-ə müsahibəsində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, problem Azərbaycanda televiziyanın bütövlükdə rəqəmsala keçidi yolu ilə həll ediləcək.

Nazirin sözlərinə görə, bir mübarizə var ki, o da rəqəmsal televiziyadır. “Bu rəqəmsal yayıma keçdikdən sonra hər bir evdə Milli Teleradio Şurasının tənzimlənməsi ilə proqramlar yayımlanacaq. Azərbaycan hökuməti rəy verdikdən sonra qonşu ölkənin kanalların proqramlarının yayımı öldürüləcək”.

Hələlik isə İranın “Səhər -2” kanalının qeyri-qanuni yayımının qarşısını almaq mümkün deyil. İnformasiya mübadiləsi və yayımı ilə bağlı Azərbaycandan qonşu İrana geniş nümayəndə heyətinin getməsi isə onu göstərir ki, rəsmi Bakı hələlik bu məsələni İranla diplomatik yolla həll etməyi məqsədəuyğun bilir .



DOSTLARINLA PAYLAŞ:

oyunlar