Səfirliyin saytında yerləşdirilən xəbəri oxuyarkən dəhşətə gəldim...
31 Yanvar 2011 Bazar Ertəsi 22:25
ABŞ vətəndaşı Nik Enr: "Azərbaycanda özümü həmişə təhlükəsiz hiss etmişəm".
ABŞ və Böyük Britaniyanın Azərbaycanda yaşayan vətəndaşlarını terror təhlükəsinə hazır olmağa çağırışlarının təfərrüatları məlum olub. ANS gün ərzində bu ölkələrin paytaxtda fəaliyyət göstərən obyektləri ətrafında monitorinq keçirib. Məlum olduğu kimi ABŞ Dövlət Departamentinin bu barədə rəsmi xəbərdarlığı Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin saytında da yerləşdirilib.
Amerika və Kanada vətəndaşlarından xüsusilə ictimai yerlərdə diqqətli olmaq, təhlükəsizliklərinə sayıq yanaşmaq xahiş olunur. Bu xəbərdarlığı alanlardan biri 4 ildir Bakıda yaşayan ABŞ vətəndaşı Nik Enrdir. ABŞ səfirliyinin internet saytında yerləşdirilən xəbəri oxuyarkən dəhşətə gəldiyini deyən Nik Enr bildirib ki, bu barədə həmçinin dostundan da eşidib: “ABŞ səfirliyi vətəndaşlarını e-mail və telefon zəngi vasitəsilə xəbərdar edir. Mən həm e-mail, həm də telefon vasitəsilə Bakıda diqqətli olmaq və xaricilərin toplaşdığı yerlərə getməmək barədə tövsiyə almışam. Onlar bizi məsələnin təfərrüatı ilə bağlı məlumatlandırmadılar. Ancaq ümid edirəm ki, səfirlik bununla bağlı bəyanat verəcək. Heç bir fərq görmədim, Azərbaycanda özümü təhlükəsiz hiss edirəm. Burada olduğum müddətdə həmişə özümü təhlükəsiz yerdə saymışam”.
ABŞ səfirliyindən isə ANS-ə təhlükəsizlik məsələləri ilə bağlı şərh verilmədiyini deyiblər.
Qeyd edək ki, eyni xəbərdarlıqla Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də çıxış edib. Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşı Günel Əhmədovanın ANS-ə verdiyi məlumata görə, rəsmi London Birləşmiş Ştatların xəbərdarlığına əsaslanaraq belə bir qərar verib. Lakin səfirlik təhlükənin konkret nədən ibarət olması ilə bağlı şərh vermir. Amma bu xəbərdarlığa baxmayaraq, ABŞ və Böyük Britaniya vətəndaşlarının adətən toplaşdığı obyektlər, eləcə də məşhur Amerika firmalarının brendi altında fəaliyyət göstərən yerlərdə iş adi qaydada davam edir. Böyük Britaniya səfirliyinin və bir sıra Amerika şirkətlərinin yerləşdiyi binada artıq bir neçə gündür ki, təhlükəsizlik tədbirləri gücləndirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: