Səfir Türkiyədəki Xocalı stendinin dağılmasından danışdı
26 Fevral 2013 Çərşənbə Axşamı 12:38
Alpər Coşqun: İlk növbədə, Ankarada Xocalı soyqırımı stendinin dağıdılmasının kimlər tərəfindən təşkil edildiyi araşdırılmaldır.
İlk növbədə, Ankarada Xocalı soyqırımı stendinin dağıdılmasının kimlər tərəfindən təşkil edildiyi araşdırılmaldır.
Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun jurnalistlərə bazar ertəsi Türkiyənin paytaxtı Ankarada Qızılay meydanında bir qrup gənc tərəfindən Xocalı soyqırımına həsr olunmuş stendin dağıdılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, əsas odur ki, Xocalı faciəsi ilə bağlı ağrı-acılarda Türkiyə Respublikası və Türkiyə xalqı Azərbaycanın yanındadır.
"Mən bu gün Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etməklə bunu bir daha nümayiş etdirirəm", - səfir bildirib.
Türkiyə səfiri qeyd edib ki, 26 fevral təkcə Azərbaycan üçün deyil, Türkiyə və bütün türk dünyası üçün kədərli bir gündür.
"Bu gün 21 il əvvəl Xocalıda sadəcə azərbaycanlı olduqları üçün, sadəcə evlərində yaşamaq istədikləri üçün qətlə yetirilmiş günahsız insanların xatirəsini anırıq. Biz bu gün türk dünyasının nümayəndəsi olaraq, həmin soyqırım nəticəsində həlak olmuş insanların xatirəsini anır, onların yaxınlarına başsağlığı veririk", - Coşqun əlavə edib.
DOSTLARINLA PAYLAŞ: