Səfir: “Müharibə başlasa, KTMT məsələyə qarışa bilməz”
29 Dekabr 2009 Çərşənbə Axşamı 02:35
Polad Bülbüloğlu: “Hərbi yol seçilsə, Rusiyadakı azərbaycanlıların üzərinə böyük məsuliyyət düşəcək”
“Dağlıq qarabağ münaqişəsini həll etməyin vaxtı çatıb. Hər bir azərbaycanlı torpaqların azad olunmasında iştirak etməlidir”. Bunu Azərbaycanın rusiyadakı səfiri Polad Bülbüloğlu ANS-ə eksklüziv müsahibəsində deyib. Azərbaycanın ən böyük diaspor təşkilatının Rusiyada olduğunu vurğulayan diplomat bildirib ki, Dağlıq Qarabağ problemini həll etmək üçün hərbi yola əl atılsa, o zaman Rusiyadakı azərbaycalılardan çox şey asılı olacaq və hər kəs buna hazır olmalıdır: “Kimsə elə başa düşürsə ki, mən evdə oturacam, ordu gedib torpaqları azad eləsin və mənə təhvil versin, belə olmayacaq. Bütün Azərbaycan ayağa qalxmalı, bütün cəmiyyət, bütün ölkə, bütün millət bir yumruq kimi birləşməli, prezidentə dəstək olmalı və torpaqların azad olmasında iştirak etməlidir. Başqa cür ola bilməz”.
Polad Bülbüloğlunun sözlərinə görə, xaricdəki Azərbaycan diasporu sürətlə təşkilatlanmalı, aralarındakı pərakəndəliyə son qoyaraq, daha çevik qüvvəyə çevrilməlidir. Səfir Rusiyadakı diaspor təşkilatları arasında əlaqələrinin artırılması barədə qərar verdiklərini də deyib. Diaspor nümayəndələri ilə son görüşdə də bu məsələ diqqət mərkəzində olub.
Ərazisindəki münaqişəni istənilən yolla həll etməyin rəsmi Bakının suveren hüququ olduğunu vurğulayan Polad Bülbüloğlu onu da bildirib ki, beynəlxalq təşkilatlar işğalçını öz adı ilə çağırmalıdırlar. “Ermənilərə xəstə uşaq kimi qayğı göstərməkdən əl çəkilməlidir” deyən səfirin fikrincə, Dağlıq qarabağ münaqişəsi hərbi yolla həll olunacağı təqdirdə, Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsələyə müdaxiləsi hüquqi cəhətdə mümkün deyil: “Rusiya rəhbərliyi dəfələrlə Azərbaycanın bütövlüyünü, sərhədlərini tanıdığını bəyan edib. KTMT o vaxt işə qarışa bilər ki, Azərbaycan Ermənistan ərazisinə təcavüz edər. Amma söhbət Azərbaycan torpaqlarından gedir. Ona görə də hüquqi cəhətdən məsələyə üçüncü ölkə müdaxilə edə bilməz”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: