Səfir: “Ermənistan parlamentini oliqarxlar idarə edir”
12 İyul 2010 Bazar Ertəsi 01:05
“Soyqırımı hüquqi anlayışdır və dünyanın heç bir məkhəməsi 1915-ci il hadisələrini soyqırımı kimi tanıya bilməz”.
Böyük Britaniyanın yeni hökuməti də “erməni soyqırımı”nı tanımayacaq. Bunu Böyük Britaniyanın Ermənistandakı səfiri Çarlz Lonsdeyl deyib. Onun sözlərinə görə, Londonun bu istiqamətindəki siyasətində heç bir dəyişiklik olmayacaq: “Yeni hökumətin bu məsələdəki siyasətində çətin ki dəyişiklik görək. Biz faktı etiraf edirik və əzab-əziyyətə görə kədərlənirik. Lakin soyqırımı hüquqi anlayışdır. Bu gün dünyanın heç bir məkhəməsi 1915-ci il hadisələrini soyqırımı kimi tanıya bilməz. Britaniya hökuməti də hüquqi termindən tarixi hadisələri xarakteriza etmək üçün istifadə edə bilməz”.
Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinə toxunan britaniyalı diplomatın fikrincə, yaxın gələcəkdə bu məsələdə irəliləyiş olmayacaq. Onun sözlərinə görə, Britaniya bu məsələdə siyasi yox, ictimai-mədəni müstəvidə çıxış edir, birgə layihələri, təmasları və verilişləri genişləndirir.
Çarlz Lonsdeyl Ermənistandakı vəziyyətə də toxunub. O bəyan edib ki, Ermənistanın əsas problemi oliqarx sistemidir. Səfir bildirib ki, oliqarxlar bazarda hökmrandır və hətta Ermənistan parlamentini də idarə edir. Diplomat deyib ki, bu, ciddi narahatlıq doğrur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: