Səfər Əbiyev: "Hərbi variant heç vaxt istisna olunmur”
25 İyun 2010 Cümə 16:05
Müdafiə naziri Səfər Əbiyev Ali Hərbi Məktəbinin məzunlarının buraxılış mərasimində iştirak edib.
“Bu gün Silahlı Qüvvələrimizin hər bir əsgəri, giziri, zabiti və generalı ali baş komandan, prezident İlham Əliyevin döyüş əmrini yerinə yetirməyə hazırdır”. Bunu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının təntənəli 10-cu buraxılış mərasimində çıxış edən müdafiə naziri Səfər Əbiyev bəyan edib.
Nazir Azərbaycanın güclənən iqtisadi imkanları hesabına hərbi büdcənin ildən-ilə artdığını və ordunun döyüş qabiliyyətinin daha da yüksəldiyini bildirib. O, Azərbaycan Ordusunun NATO-ya inteqrasiyası işində bu ali hərbi məktəbin uğurlarını yüksək qiymətləndirib.
“Gənc zabitlər mən böyük qürur hissi ilə sizə müraciət edərək deyirəm ki, siz bu gün torpaqlarımızı düşmənlərdən xilas etmək üçün heç vaxt olmadığı kimi döyüşlərə atılmağa hazır olmalısınız. Prezident, silahlı qüvvələrin ali baş komandanı İlham Əliyev bütün çıxışlarında qeyd edir ki, biz hər an torpaqlarımızı işğalçılardan hərbi yolla azad etmək üçün hazır olmalıyıq. Heç kim üçün sirr deyil ki, biz hərbi gücümüzü gücləndiririk”, deyə S. Əbiyev bildirib.
Nazir bu gün Azərbaycanda mövcud olan hərbi potensialın istənilən anda qısa müddətdə bu vəzifəni icra etməyə imkan verdiyini qeyd edib: “Sadəcə olaraq biz istəmirik ki, hərbi yola əl ataq. Ancaq bu variant heç vaxt istisna olunmur”.
Daha sonra ordu sıralarına atılan gənc komandirlər təntənəli keçid edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: