Seçilmişlər və seçilməmişlər
28 Mart 2011 Bazar Ertəsi 01:16
“Liviya ola bilsin ki, sərt və bəzi məqamlarda amansız ysulla öz sərhədləri çərçivəsində asayişi bərpa etmək istəyirdi”
Hərdən mənə elə gəlir ki, insanların normal hərarəti hər yerdə 36.6 deyil, qan hər yerdə qırmızı deyil, və ya insan da buğda kimi, neft kimi, pambıq kimi növlərə ayrılır. Belə olmasaydı hər addımda, özü də tamamilə eyni mahiyyətli hadisələrə tamamilə fərqli münasibətlərlə rastlaşmazdıq. Məsələn, Darfurda qan daşqını baş verir, adamlar az qala bir-birini həm birinci, həm ikinci yerinə yeyirlər amma bu hansısa Ədalət müəllimi qıcıqlandırmır.

Bir neçə ildir ki, Kote Duarı dalğalandıran və bu gün də bütün şiddəti ilə sürət yığan kütləvi həyəcanın heç kəsin tükünü tərpətmədiyi bir zamanda, cəmi bir aydan bir az artıq davam edən daxili problemlərin həlli adı ilə Liviya faktiki olaraq bir neçə iri dövlətin hücumuna məruz qalır.

Dinc adamların qorunması adı altında başlanan əməliyyat elə həmin dinc insanların kütləvi qırğını ilə də müşayiət olunur. Eyni vaxtda oxşar hadisələrin baş verdiyi Bəhreyn isə sanki görməzliyə vurulur. Bəlkə ona görə ki, Bəhreyndə Birləşmiş Ştatların hərbi hava qüvvələri var?! Bu dünən də belə idi. Somali də qan daşqını baş verəndə. Kambocada yüzminlər milçək kimi qırılanda. Hutular və tutsilər bir-birinin ətini yeyəndə. Bəs Tibet? Bəs uyğurların bir ucdan qırıldığı vaxt Təhlükəsizlik Şurasının məzuniyyət dövrünə düşmüşdü? Bəlkə burdakılar Qərb üçün cazibəli deyildi… Bu gün İsrail Fələstini ət maşınından keçirir. Amma onun müttəfiqləri ən yaxşı halda kotletin yandırılmasını tənqid edir…

Bir sözlə. Həmişə belə olub. Ən qəribəsi də budur ki, BMT-nin Təhlükəsizlik Şurası kimlərdənsə ötrü onda da var idi, indi də. Kimlərdənsə ötrü onda da yox idi, elə indi də. Uzağa niyə gedirik? Neçə ildi ki, Azərbaycan Ermənistanın ona qarşı apardığı müharibədən durmadan danışır, göz qapamadan göstərir… Day hansı tribuna qalmayıb ki, onun başından çıxıb haray çəkməyək?! Amma faydası nədi ki? Əlimizə 3-4 kağız veriblər ki, biz də buna baxıb, qara kağız almış qohum əqrəba kimi bu yadigar sovxalardan təsəlli tapırıq…

Mən Müəmmər Qəddafinin ekstravaqant, hətta bir qədər anormal təsir bağışlayan siyasətinə vəkillik etmək niyyətində deyiləm. Amma gəlin bu ölkədə baş verənləri mövcud düsturlara salaq və soyuqqanlı olmağa çalışaq. İnsanlar narazı şəkildə küçələrə çıxırlar. Bizim dildə desək şəhər icra hakimiyyəti ilə razılaşdırılmamış aksyiyala başlayırlar. Liviya polisi isə aksiyanı dağıdır. Sonra bu aksiyalar daha kütləvi şəkil alır. Qəddafi də öz növbəsində ölkədə asayişi bərpa etməkdən ötrü daha sərt üsullara əl atır. Sonra kütlə hərbi birləşmələr arasında da dəstək tapır və nəticədə vətəndaş müharibəsi baş verir.

Qəddafi dövlətin taleyinə məsul şəxs kimi bu təhlükənin miqyasını daraltmaq üçün tədbirlər görür. Əvvəlcə Qərb adlandırdığımız böyük güclər müxalifətin tez bir zamanda Qəddafini devirəcəyini gözləyir. Görəndə ki, Qəddafi ölkəyə nəzarəti ələ almağa yaxınlaşır, bu zaman Lifiya müxalifətinin köməyinə tələsir. Burada hətta Birləşmiş Ştatların konstitusiyasını pozmaqdan belə çəkinməyən Obama tək deyil. Arvadı göyçək Fransa, bir az çəkməyə, bir az sınıq buruna bənzəyən İtaliya, ailə monarxiyasının ən bariz nümunəsi olan Böyuk Britaniya və müstəqilliyi kifayət qədər şübhəli görünən Kanada da onunladır. Niyə şübhəli deyirəm: ona görə ki, müstəqillik havadarı rolunda Liviyada silahdaş və ya silahdaşıyan olan Kanada bu gün də rəsmən Britaniyanın tabeliyindədir və bu müstəqil dövləti Britaniya Kraliçasının təyin etdiyi general qubernator idarə edir… Və elə koalisiya qüvvələrinin əməliyyatına da həmin bu Kanadanın generalı Şarl Buşar rəhbərlik edir.

Belə belə işlər. Liviya dövləti ola bilsin ki, sərt və bəzi məqamlarda amansız ysulla öz sərhədləri çərçivəsində asayişi bərpa etmək istəyirdi, amma onu bunu etməyə qoymurlar. Maraqlıdır: axı, oxşar hadisə Fransada baş verirdi. Nə qədər dinc insan qırıldı. Özü də Fransanın o zaman kütləyə atəş açmaq əmri verən Daxili İşlər naziri indiki prezident özü, elə həmin bu Nikola Sarkozi idi.

Mən sadəcə başa düşə bilmirəm: dövlətin içəridən parçalanmaq təhlükəi olanda başçı neyləməlidi, dərhal istefa verməlidi, yoxsa onun bütövluyünü və vətəndaşların təhlükəsizliyini qorumalıdı? Bir anlığa təsəvvür edək ki, hər respublikada yüz-ikiyüz min adam küçəyə çıxır və bir -iki ağız istefa qışqırır. İndii nə baş verməlidi? O saat prezidentlər sakitcə durub getməlidirlər, Braziliyaya futbola baxmayağa? Bəs and, bəs qanunlar, bəs Ali Baş komandlanın dövləti qorumaq barədəki başlıca öhdəliyi? Mən bu məntiqə inanmıram. Digər məntiq isə ayrı şey deyir: deməli seçilmiş dövlətlərin seçilməmiş dövlətlərlə bağlı seçilmiş variantları olur…

…Koalisiyanın müsəlman dövləti olan Liviyaya martın 19-da, düz müsəlmanların müqəddəs bayramı-novruz ərəfəsində hərbi müdaxiləsinə gəlincə isə, gəlin özümüzü inandıraq ki, bu bir təsadüfdür. Özü də axı belə bir təsadüf artıq bir dəfə- onda da novruz ərəfəsində, düz martın 19-da Koalisiya qüvvələri İraqa soxulanda… üz vermişdi… Üz verəndə isə astarın istənilməsi təbiidir.

Mir Şahin



DOSTLARINLA PAYLAŞ:

oyunlar