Saxta sənədlərlə vizalar düzəldən cinayətkar dəstə ifşa edilib
21 Dekabr 2011 Çərşənbə 19:05
Fakta görə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.
Uzun müddət saxta sənədlər tərtib etməklə, Bakı şəhəri və respublikanın digər regionlarından olan vətəndaşlara vizalar almaqla xarici ölkələrə səfərlər təşkil edən, habelə digər qanunsuz fəaliyyətlə məşğul olan cinayətkar dəstə ifşa edilib. Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən xəbərə görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə daxil olmuş müraciət üzrə həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində cinayətkar dəstənin üzvlərindən olan Bakı şəhərində yerləşən "Euro Azia Az" Məhdud Məsuliyyətli Cəmiyyətin icraçı direktoru Yusifov İlqar Kərim oğlu turizm şirkətinə müraciət edib. Bakı şəhər sakini Abbasov Natiq Abbas oğluna saxta sənədlər əsasında "Şengen" vizasının əldə edilməsini təşkil edəcəyi vədi ilə sonuncudan 3 min manat pulu xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri zamanı müəyyən edilib ki, fəaliyyət göstərdiyi müddət ərzində cinayətkar dəstə tərəfindən bir sıra vətəndaşlara rüşvət müqabilində dövlət və özəl müəssisələrdə işləmələri və yüksək əməkhaqqı almaları barədə saxta arayışlar, saxta mehmanxana və təyyarə bilet bronları, həmçinin böyük məbləğdə pul vəsaitlərini təsdiq edən müxtəlif saxta bank arayışların hazırlanmaqla Avropa ölkələrinə səfər etmək məqsədi ilə vizaların alınması təşkil edilib.

"Euro-Azia-Az" MMC-nin Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən ofislərinə və İ.Yusifova məxsus mənzilə keçirilmiş baxış zamanı şirkətin xəzinəsinə mədaxil olunmamış külli miqdarda pul, vətəndaşlara məxsus ümumvətəndaş pasportları, müxtəlif dövlət və özəl təşkilatlara məxsus imzalı və möhürlü boş blanklar, habelə istintaq üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülüb.

İstintaqla həmçinin müəyyən edilib ki, İ.Yusifovun mənzilində aşkar edilərək götürülən müxtəlif şəxslərə məxsus çoxsaylı ümumvətəndaş pasportlarının sahiblərindən 19-u ölkə hüdudlarını tərk edərək Avropa ölkələrinə getmiş, saxta sənədlər əsasında Azərbaycan Respublikasını tərk edərək Avropa dövlətlərində məskunlaşmış vətəndaşlardan 3 nəfəri isə deportasiya edilib.

İ.Yusifov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayətkar dəstənin digər üzvlərinin müəyyən edilməsi və dəstə tərəfindən törədilmiş digər cinayətlərin açılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar