Sarkisyanla azərbaycanlı qaçqının debatı
23 İyun 2010 Çərşənbə 15:35
Almaniyada səfərdə olan Ermənistan prezidenti ağdamlı qaçqının sərt sualı ilə qarşılaşıb.
Ermənistanın dövlət başçısı Serj Sarkisyan Almaniyaya rəsmi səfəri çərçivəsində “Konrad Adenauer” fondunda çıxış edib. Ermənistan mətbuatının məlumatına görə, çıxışdan sonrakı müzakirələrdə Ermənistan rəhbəri ilə tədbirdə iştirak edən azərbaycanlı arasında debatı olub.
Azərbaycanlı iştirakçı Sarkisyana belə bir sual verib: “1992-ci ildən mənim Ağdamın yaxınlığında yerləşən kəndim erməni və rus hərbi birləşmələrinin işğalı altındadır. Siz mənim bu kəndimi daha nə qədər işğalda saxlamaq niyyətindəsiniz?”
Sarkisyan öncə belə cavab verib: “Nə qədər ki, siz bir cümlədə dörd yanlış iddia irəli sürməyi özünüzə rəva biləcəksiniz”.
Daha sonra fikirlərini izah edən Sarkisyan deyib ki, reallıqda 1992-ci ildə vəziyyət tamamilə əksinə olub. Erməni prezidenti iddia edib ki, məhz Azərbaycan ordusu Ağdamdan Dağlıq Qarabağa hücum edib. Bundan əlavə erməni prezident bildirib ki, göstərilən ərazidə heç vaxt rus əsgəri olmayıb: “Öz şəxsi məğlubiyyətinə rus hərbi kontingenti adı ilə bəraət qazandırmaq doğru deyil. Bu ərazidə rus əsgərləri heç vaxt olmayıb. Mənim o ərazidə olan hərbi birləşmələrlə heç bir əlaqəm yoxdur. Dediyiniz əraziyə “Dağlıq Qarabağın hərbi birləşmələri” nəzarət edir”.
Sonda Sarkisyan Azərbaycan torpaqlarının işğal edilməsini belə izah edib ki, müharibə vəziyyəti Azərbaycan tərəfinin günahı ucbatından yaranıb: “Bu, məcburi müharibədir. Dağlıq Qarabağın əhalisi əllərinə silah alıb, qanları və uşaqlarının həyatı bahasına "müstəqilliklərini" müdafiə edirlər”.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: