Sarkisyan Soçi görüşündən razılıqla danışdı
11 Mart 2011 Cümə 00:46
“Gələcəkdə tərəflər əsas prinsiplərlə bağlı müəyyən razılığa gələ bilərlər”
Ermənistan prezidenti Serj Sarkisyan Soçi görüşündə Azərbaycan tərəfinin mövqeyində müəyyən dəyişikliyin olduğunu bildirib. O, bu bəyanatı Riqada erməni diasporunun nümayəndələri ilə cörüşdə bəyan edib. “Hələ bir həftə əvvəl mən demişdim ki, Datlıq Qarabağ məsələsində hər hansı müsbət nəticə gözləmirəm. Lakin martın 5-də keçirilən Soçi görüşündən sonra deyə bilərəm ki, Azərbaycan tərəfinin mövqeyindən müəyyən dəyişikliklər var”, - deyə Serj Sarkisyan bildirib.

Ermənistan prezidentinin fikrincə, gələcəkdə tərəflər prinsiplər, xüsusilə, həmsədrlər tərəfindən təklif edilən üç əsas prinsip - güc tətbiq edilməməsi, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi ilə bağlı müəyyən razılığa gələ bilərlər: “Bu prinsiplər ətrafında razılıq əldə edildikdən sonra danışıqların yeni mərhələsi başlaya bilər və o xamanda bir çox məsələlər detallaşdırıla bilər. Demək istəyirəm ki, prinsiplərlə bağlı razılaşma yalnız başlanğıcdır, danışıqların sonu deyil”.

Serj Sarkisyan erməni diasporunun nümayəndələrini milli maraqları müdafiə etməyə və Ermənistan tərəfini müdafiə etməyə hazır omlağa çağırıb.

Xatırladaq ki, Soçi görüşündə Ermənistanın mbövqeyində az da olsa dəyişikliyin müşahidə olunduğunu rəsi Bakı da bəyan edib. “Ümumiyyətlə, budəfəki görüş haqqında qeyd etmək lazımdır ki, bu görüş təxminən bir il yarıma yaxın müddət ərzində Ermənistan tərəfinin danışıqlar prosesində tutduğu mövqedən müəyyən dərəcədə, az da olsa fərqlənir. Çünki bu günə qədər Ermənistan tərəfinin bu danışıqlar prosesində tutduğu mövqe tam destruktiv xarakter daşıyırdı, indi burada bir fərq artıq görünməkdədir, müsbət mənada bunu azacıq da olsa qiymətləndirmək olar”. Bunu Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Novruz Məmmədovun fikrincə, Ermənistan tərəfinin mövqeyində az da olsa müsbətə doğru dəyişikliyin olmasının müəyyən səbəbləri var: “Düşünürəm ki, bu müddət ərzində Ermənistan rəhbərləri gördülər ki, tutduqları mövqe belə gedərsə, heç vaxt onlara uğur gətirə bilməyəcək və onların müəyyən planlarını da alt-üst edəcək. Çünki Azərbaycan tərəfi həddən artıq ədalətli, konstruktiv mövqe nümayiş etdirib və münaqişənin sülh və danışıqlar yolu ilə aradan qaldırılması üçün çalışır. Ola bilsin ki, Ermənistan tərəfi bu təhlilin nəticəsində mövqeyində müəyyən dəyişiklik etmək niyyətindədir”.

“Soçi razılaşmasını gələcək görüşlərdə konstruktiv danışıqların aparılması üçün bir başlanğıc hesab etmək olarmı” sualına cavabında N.Məmmədov bildirib ki, konstruktiv danışıqların aparılması yenə də Ermənistan tərəfinin mövqeyindən asılı olacaq: “Görürsünüzmü, Soçi bəyanatında olmayan şey haqqında bu cür fikirlərin söylənilməsi bir tərəfdən sizin dediyiniz suala şübhə ilə yanaşmaq üçün əsas yaradır. Amma eyni zamanda sizin dediyinizə müsbət cavab vermək üçün bu ilin yayına kimi gözləməliyik. Çünki həmsədrlərlə görüşlərdə prezidentlər tapşırıqlarını verdi, həmsədrlər də o istiqamətdə müəyyən iş aparıb, kiçik də olsa, indiki bu fərqin hansı istiqamətdə inkişaf edəcəyi üçün öz səylərini ortaya qoymalıdır. Biz də təxminən yaya qədər siz verdiyiniz suala cavab olaraq proseslərin hansı istiqamətdə inkişaf etməyinin şahidi olacağıq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar