Sarkisyandan növbəti dəfə hədə-qorxu
02 Dekabr 2010 Cümə Axşamı 10:18
“Azərbaycan güc tətbiq edərsə, Ermənistan Qarabağı tanıyacaq”
Azərbaycan hərbi güc tətbiq edəcəyi təqdirdə Ermənistanın Dağlıq Qarabağın "müstəqilliyini" tanımaqdan başqa çıxış yolu qalmayacaq. ANS PRESS-in "Novosti Kazaxıstan"a istinadən verdiyi xəbərə görə, bu bəyanatla ATƏT-in bu gün Astanada davam edən sammitinin plenar iclasında Ermənistan prezidenti Serj Sarkisyan çıxış edib.

O qeyd edib ki, Ermənistan guya hərbi əməliyyatların bərpa olunmasını qətiyyən istəmir: “Azərbaycanın güc tətbiq edəcəyi təqdirdə Ermənistanın Dağlıq Qarabağ və onun hüquqi statusunu tanımaq, həmçinin orada yaşayan ermənilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə onun imkanlarını gücləndirməkdən başqa seçimi qalmayacaq”.

Erməni prezidenti iddia edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərmir və onun yeganə məqsədi maksimum dərəcədə Ermənistana ziyan vurmaqdır.

Qeyd edək ki, Astana sammitinin plenar iclasının birinci günündə Azərbaycan prezidenti İlham Əliyev çıxış edərək Ermənistanı Qarabağ üzrə danışıqları uzatmamağa çağırıb. O bildirib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqları üzərində nəzarəti saxlamaq üçün əvvəlki kimi güc tətbiq edir. İlham Əliyev həmçinin qeyd edib ki, Azərbaycan danışıqları davam etdirməyə və qısa müddət ərzində onların yekunlaşdırılmasına, həmçinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan nəticəyə gəlməyə hazırdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar