Sarkisyan bir anlıq şok yaşadı
25 İyun 2010 Cümə 15:15
Ermənistan prezidentinə Almaniyada sual verən Fəxrəddin Hacıbəyli ANS PRESS-ə danışdı.
Bir neçə gün öncə Almaniyada olan Ermənistan prezidenti Serj Sarkisyan bu ölkəyə səfəri çərçivəsində "Konrad Adenauer" Fondunda çıxış edib. Ermənistan mətbuatının məlumatına görə, çıxışdan sonrakı müzakirələrdə Ermənistan rəhbəri ilə tədbirdə iştirak edən azərbaycanlı arasında debat olub.
Sonradan bəlli olub ki, bu şəxs Ağdam rayonundan qaçqın olan və hal-hazırda Almaniyada yaşayan Fəxrəddin Hacıbəylidir. F.Hacıbəylinin bu barədə mətbuatda bəzi fikirləri yer alıb. Ancaq maraqlı bir məqam da var ki, azərbaycanlı Ermənistan prezidentinin erməni əsilli insanlarla təşkil etdiyi müzakirələrin keçirildiyi məkana necə daxil ola bilib? Çünki həmin vaxt adıçəkilən fondun qarşısında əllərində çox sərt məzmunlu plakat tutan azərbaycanlılar Sarkisyana qarşı etiraz aksiyası keçirirdilər.
Bu barədə ANS PRESS-ə açıqlama verən Fəxrəddin Hacıbəyli bildirib ki, içəri keçməyə heç bir ümidi olmasa da, bəxti üzünə gülüb: “Çox da ciddi yoxlama olmadı. Bir-iki yerdə yüngül yoxlama oldu, keçdik içəri. Yanımda soydaşımız Qurban Ələkbərov da var idi. Serj Sarkisyan çıxış etdi və sonra debat başlandı, sual-cavablara start verildi. Məndən əvvəl iki nəfər sual vermişdi. Üçüncü sual vermək şansı mənə düşdü. Nədənsə bu barədə Azərbaycan mətbuatında yanlış məlumat gedib. Məndən əvvəl 3 yox, 2 nəfər sual vermişdi. Bunun əhəmiyyəti var. Adımı deyib, özümü təqdim edən kimi bütün zalın diqqəti mənə yönəldi. Sarkisyan özü isə ani da olsa bir anlaşılmaz hal yaşadı. Yəqin onlar zalda hadisələrin qurbanı olmuş, illərdir kəndini itirmiş azərbaycanlının olmasını gözləmirdilər. Onu da deyim ki, mən Ermənistan prezidentinə sual verən zaman bayırda azərbaycanlılar etiraz aksiyası keçirirdilər. Şüarlar isə “Ermənistan Qarabağdan rədd ol!”, “Qarabağ bizimdir, bizim olacaq!” kimi idi. Sualım isə belə idi: “Hörmətli xanımlar və cənablar. Mənim adım Fəxrəddin Hacıbəylidir. Mən Ağdam rayonunun Əliağalı kəndindənəm. Yəqin ki, bu kəndi siz tanıyırsınız. Əliağalı kəndi 1992-ci ildən erməni və rus hərbi birləşmələrinin işğalı altındadır. 18 ildir kəndimə, evimə gedə bilmirəm. Mənim sualım sizədir, cənab Sarkisyan. Siz mənim evimi, kəndimi nə vaxta qədər işğal altında saxlamaq fikrindəsiniz?”
Onun cavabı isə “siz bir cümlədə 4 səhv buraxmayanadək” kimi oldu. Sonra isə davam etdi ki, cənab Hacıbəyli, sizin dediyiniz rus hərbi birləşmələri orada yox idi. O torpaqları erməni özünümüdafiə qüvvələri qanları və övladlarının canları bahasına azad ediblər. Sonrakı məqamlar mətbuatda getdiyi üçün təfərrüata varmıram. Amma bu cavabdan sonra düşündüm ki, məni artıq zaldan çıxardarlar. Amma belə olmadı. Doğrudur, hamının diqqəti mənə yönəlmişdi, narahat baxışlar var idi. Amma mənə qarşı ciddi bir davranış olmadı. Ardından moderator sualları kəsib, vaxtın olmadığı adı ilə əlaqədar diskussiyaları dayandırdı. Məhz bu baxımdan mənim sualımın üçüncü olmasının əhəmiyyəti var. Çünki 3 sualla debat keçirilmir. Görünən odur ki, ermənilər əlavə narahatçılıq istəmədilər. Nəticədə Sarkisyan Nalbandyanın və digər diplomatların müşayiəti ilə zalı tərk etdi”.
Soydaşımız Fəxrəddin Hacıbəyli isə Qurban Ələkbərovla əllərindəki Azərbaycan bayrağını açıb nümayişkəranə şəkildə zalı tərk ediblər.
Onu da deyək ki, Fəxrəddin Hacıbəyli Sarkisyana sualı alman dilində verib. Amma cavab erməni dilində olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: