Sankt-Peterburq azərbaycanlıları Vladimir Putinin seçki qərargahını yaradıblar
14 Fevral 2012 Çərşənbə Axşamı 00:50
Qərargahın sədri soydaşlarımızı Vladimir Putinə səs verməyə çağırıb.

Rusiyanın şimal paytaxtında yaşayan azərbaycanlılar Rusiya prezidenti vəzifəsinə namizəd Vladimir Putinin seçkiqabağı qərargahını yaradıblar. Qərargahın yaradılması təşəbbüsünü “Sabina” şirkətlər qrupunun prezidenti, “Azərbaycanlıların dostları Cəmiyyəti - Naxçıvan” , Sankt-Peterburq Azərbaycan diasporu Beynəlxalq Mərkəzinin rəhbəri, “Mir dobra” Sankt-Peterburq xeyriyyəçilər birliyi” qeyri-kommersiya tərəfdaşlığının prezidenti İdris Qəhrəmanov tərəfindən irəli sürülüb.

Sankt-Petrburq ictimai təşkilatlarının nümayəndələri - “Azərbaycanlıların dostları Cəmiyyəti - Naxçıvan”, “Mir dobra” Sankt-Peterburq xeyriyyəçilər birliyi”, “Sabina” ticarət kompleksinin ticarət meydanlarının və “Sabavtoservis” şirkətinin əməkdaşları ilk yığıncaqda siyasi məkanda aktual vəziyyəti müzakirə ediblər.

İ.Qəhrəmanov hər bir əməkdaşın fəal vətəndaş mövqeyinin olmasının vacibliyini diqqətə çatdırıb, hamını martın 4-də seçkilərə gəlməyə çağırıb.

İdris Qəhrəmanov toplaşanları təmsil etdikləri müəssisə və təşkilatlarda keçirilmiş yığıncaqlarda qəbul olunmuş qərarları dəstəkləməyə, Rusiya hökumətinin hazırkı sədri Vladimir Putinə səs verməyə, başqa sözlə, sabitlik və Rusiyanın gələcək inkişaf kursunu dəstəkləməyə çağırıb. Yığıncaq iştirakçıları Rusiya prezidenti seçkilərində təbliğat işi aparmaq üçün 10 nəfərdən ibarət qərargah seçmiş və təbliğat tədbirləri planını təsdiq ediblər. Qərargahın sədri yekdilliklə İdris Qəhrəmanov seçilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar