Şamaxıda sel suları təbii fəlakətə səbəb olub, 8 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
09 May 2012 Çərşənbə 13:54
Sel suları Şamaxı-Qaleybuğurt avtomobil yolunu dağıdaraq yararsız hala salıb.
Şamaxı rayonuna yağan güclü leysan yağışları səbəbindən yaranan sel suları dağ ətəyi kəndlər olan Çöl Göylər, Ovculu və Bağırlıda həyətyanı sahələrə, fərdi yaşayış evlərinə, əkin sahələrinə, küçələrə xeyli ziyan vurub. Rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Qasım Qasımov APA-ya bildirib ki, dağlara yağan güclü leysan yağışlarından sonra Ağsu və Pirsaat çaylarında sululuğun səviyyəsi qalxıb. Nəticədə bu çayların kənarındakı Ərçiman, Qaleybuğurt, Talış, Dəmirçi kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. İllər boyu körpülərin olmadığı bu çaylarda suyun səviyyəsinin azlığı səbəbindən əhali və texnikalar çayın içindən keçərək hərəkət edib. Artıq iki gündür ki, keçilməsi mümkün olmayan bu çaylardan əhalini əsasən yük maşınları ilə keçirmək mümkündür. Hazırda ərazidə ağır texnikalar çalışır. Bundan əlavə sel suları Şamaxı-Qaleybuğurt avtomobil yolunu 6 müxtəlif yerdən dağıdaraq yararsız hala salıb. Nəticədə Qaleybuğurt, Qaladərəsi, Keçmədil, Sis kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Hazırda yolun açılması və nəqliyyatın hərəkətinin bərpası üçün ərazidə ağır texnikalar işləyir.
Qeyd edək ki, dünən rayonun Carham kəndinə güclü yağışla yanaşı, diametri 1.5-2 santimetr olan dolu yağıb, üzüm sahələrinə, meyvə-tərəvəzə xeyli ziyan dəyib. Dünən axşam saatlarında Ovculu kənd sakini 22 yaşlı Alməmmədov Bilal Ağamustafa oğlu naxırdan qayıdarkən qəflətən dağdan gələn selin qurbanı olub. Bilal Alməmmədov sel sularında boğularaq dünyasını dəyişib. Qeyd edək ki, bu gün mərhumun toyu olmalı idi.
Hazırda rayon fövqəladə hallar komissiyasının nümayəndələri ərazilərə baxış keçirir, vətəndaşların müraciətlərini araşdırır. Yağış, sel və dolunun təsərrüfatın ayrı-ayrı sahələrinə vurduğu ziyanın məbləği hesablamalardan sonra məlum olacaq.
DOSTLARINLA PAYLAŞ: