SAM-ın nümayəndə heyəti Türkiyəyə səfər edəcək
24 İyun 2011 Cümə 11:02
Nümayəndə heyətinin Xarici İşlər Nazirliyi, beyin mərkəzləri və mətbuat nümayəndələri ilə görüşləri nəzərdə tutulub.
Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzinin dəvəti ilə 27-30 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyəti Ankaraya (Türkiyə) səfər edəcək. SAM-dan ANS PRESS-ə verilən məlumata görə, səfər çərçivəsində SAM-ın direktor müavini Gülşən Paşayevanın rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi, bu ölkədə fəaliyyət göstərən beyin mərkəzləri və mətbuat nümayəndələri ilə görüşləri nəzərdə tutulub. Həmçinin SAM-ın ekspertləri Türkiyə Odalar və Borsalar Birliyi (TOBB) Universitetində ”Türkiyə-Azərbaycan münasibətlərinin regiona təsiri” mövzusunda təşkil olunacaq dəyirmi masada iştirak edəcəklər.
Nəzərdə tutulmuş səfər çərçivəsində SAM-ın nümayəndə heyəti Türkiyənin aparıcı beyin mərkəzlərində görüşlər keçirib, iki dövlətin analitik institutları arasında elmi-tədqiqat sahəsindəki əməkdaşlığa aid olan regional əhəmiyyətli strateji layihələr ətrafında geniş müzakirələr aparacaqlar.
Qeyd edək ki, SAM-ın nümayəndə heyətinin Ankaraya səfəri haqqında razılıq cari ilin mart ayında Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Bülənt Arasın Azərbaycana səfəri və iki beyin mərkəzi arasında əməkdaşlığa dair memorandumun imzalandığı zaman əldə olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: