Şakir Musayev: Qalıqlar ən azı 4 insana aid ola bilər
26 İyul 2011 Çərşənbə Axşamı 21:26
Əfqanıstanda qəzaya uğramış "İl-76" təyyarəsinin ekipaj üzvlərinin qohumlarından analiz götürülüb.
İyulun 6-da Əfqanıstan səmasında qəzaya uğrayan “İl-76” yük təyyarəsində həlak olan ekipajın meyitlərinin hissələri nəhayət ki, vətənə gətirilib. Gecə saatlarında Bakıya çatdırılan cənazələr ilk olaraq Mərkəzi Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib. Amma qəzada həlak olduğu bildirilən 9 nəfərin ailəsi əzizlərinin ölməsini ümumiyyətlə qəbul etmir və qalıqların onlara aid olmadığında israr edirlər.

Ekipaj üzvlərinin ailələri bir çox hallarda mətbuatı da yanlış məlumat verməkdə günahlandırsalar da, ANS-in əldə etdiyi hər bir məlumat rəsmi mənbəyə əsaslanır. Onu da qeyd edək ki, ekipaj üzvlərinin meyitlərindən qalan hissələrin görüntüsünü də yalnız ANS əldə edib.

Əfqanıstandan Azərbaycana gətirilən qalıqların insana məxsus olması artıq təsdiqlənib. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin baş direktoru Şakir Musayevin sözlərinə görə, qalıqlar tanınmaz vəziyyətdədir: “Hətta qalıqların bəziləri kömürləşmə səviyyəsindədir və toxumalar parçalanıb. Ona görə də ekspertiza uzun çəkəcək”.

Ş. Musayev deyir ki, orada 12 fraqment var: “İlkin olaraq müəyyənləşib ki, qalıqlar ən azı 4 insana aid ola bilər. Bizə 1 ay lazımdır ki, müəyyən qərar gələ bitlək”.

Artıq ekipaj üzvlərinin qohumlarından da analiz götürülüb. Ş. Musayevin sözlərinə görə, onlara təqdim edilən qalıqların arasında digər əşyalar, məsələn üzüyə oxşayan metal halqa, müxtəlif zəncirlər və digər əşyalar da var. Həmin əşyaların kimə məxsusluğu və ya təyyarənin hanısısa fraqmentinin olduğu da mütəxəssislər tərəfindən ekspertiza zamanı müəyyənləşdiriləcək.

Xatırladaq ki, içərisində 9 ekipaj üzvünün olduğu “İl-76” yük təyyarəsi iyulun 6-sı Baqramda enməyə hazırlaşarkən radarlardan itib. Hava limanından 3-4 kilometr məsafədə qəzaya uğrayıb. Hazırda təyyarənin “qara qutu”su Əfqanıstan tərəfindədir. Qəzanı araşdıran komisiyanın sədri Adil Qasımovun sözlərinə görə, “qara qutu” yaxın günlərdə oxunmaq üçün Moskvaya göndəriləcək. Qutunun göndərilməsi və oxunmasında Azərbaycan tərəfinin iştirakı ilə bağlı Xarici İşlər Nazirliyi və Mülki Aviasiya Admistrasyası tərəfindən yazışmalar aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar