“Sahil” stansiyasında eskalatorların sürəti azaldılacaq
08 Dekabr 2012 Şənbə 13:13
Metropoliten rəsmisi: “Sürətin bir qədər də azaldılmasına ehtiyac var”.
Bakı metropoliteninin “Sahil” stansiyasında eskalatorların sürətinin azaldılması ilə bağlı məsələ həllini tapıb. ANS PRESS-in məlumatına görə, metropolitenin baş mühəndisi Elbrus Muradov qeyd edib ki, bununla bağlı tenderdə “Kaskad-3” istehsalat kommersiya şirkəti qalib gəlib.
“Sürətin azaldılması məqsədilə hər eskalatora gücü 110 kVt olan asinxron elektrik mühərriklər qoyulacaq. Hazırda sürəti 0,94 m/saniyə olan eskalatorların sürəti bununla 0,75 m/saniyə olacaq”, - deyə E.Muradov bildirib.
Metropoliten rəsmisi həmçinin qeyd edib ki, bu addımın atılmasında məqsəd eskalatordan istifadə edən sərnişinlərin təhlükəsizliyini daha da möhkəmləndirməkdir: “Bildiyiniz kimi, “Sahil” dənizkənarı Milli parka ən yaxın çıxışı olan stansiyadır. Buradan yaşlılar, uşaqlı valideynlər də çox istifadə edir. Müşahidələrimiz göstərir ki, sürətin bir qədər də azaldılmasına ehtiyac var. Artıq belə addım “Elmlər Akademiyası” stansiyasında atılıb və müsbət nəticə verib. Əminəm ki, “Sahil” stansiyasında da sürət aşağı salındıqdan sonra sərnişinlərin təhlükəsizliyi ən optimal səviyyəyə qaldırılacaq”.
Metropolitenin baş mühəndisi onu da xüsusi vurğulayıb ki, yaxın illərdə “Sahil” stansiyasının eskalatorlarının da istismar müddəti başa çatacaq və onların daha müasir analoqları ilə əvəzlənməsi gündəmə gələcək: “Lakin bu zaman həmin mühərriklər lazımsız avadanlığa çevrilməyəcək. Onu “Nizami” stansiyasının eskalatorlarına tətbiq etmək mümkün olacaq”.
E.Muradovun sözlərinə görə, “Sahil” stansiyasında eskalatorların mühərrikinin dəyişdirilməsi sərnişinlərin hərəkətinə heç bir maneə törətməyəcək. Hər eskalatorun mühərrikinin əvəzlənməsi bir həftəyə yaxın vaxt aparacaq. Hər üç mühərrik növbə ilə yanvar ayının sonunadək eskalatorlara qoyulacaq.
DOSTLARINLA PAYLAŞ: