Şahid: "Mənə güllə atan şəxs Fərda Qədirova oxşamırdı"
03 May 2010 Bazar Ertəsi 13:45
Bu gün ADNA-da baş verən terror hadisəsi ilə bağlı məhkəmə prosesi keçirilib.
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən terror hadisəsi ilə bağlı təqsirli bilinən şəxslərin işi üzrə məhkəmə prosesi keçirilib. ANS PRESS-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində bu gün zərərçəkənlər ifadə veriblər.
ADNA-nın 3-cü kurs tələbəsi Elşən Mustafayev bildirib ki, hadisə baş verən gün laboratoriya dərsində olub. Dəhlizə çıxarkən 4-cü mərtəbədə Fərda Qədirovla rastlaşıb. Fərda əvvəlcə Elşənin əlindən, sonra isə çənəsindən vurub.
E. Mustafayev qeyd edib ki, faktla bağlı saxlanılan dörd nəfər barəsində hər hansı tələbi və yaxud şikayəti yoxdur. "Məni vuran adam burda yoxdur. Dövlət özü bilər", deyə E. Mustafayev qeyd edib.
Baş vermiş hadisə nəticəsində həlak oan tələbə Ceyhun Aslanovunatası Sakit Aslanov isə bildirib ki, ona oğlunun ölümü barədə zəng vuraraq xəbər veriblər. Sakit Aslanov deyib ki, əgər istintaqda göstərilənlər doğrudursa, saxlanılan şəxslər ən ağır şəkildə cəzalandırılmalıdır.
Daha sonra baş vermiş terror nəticəsində anasını itirən, "İnterfaks" agentliyinin jurnalisti Anar Əzizov ifadə verib. O bildirib ki, işdə olarkən həmkarına ADNA-da xarici tələbələrlə azərbaycanlılar arasında atışma olması barədə xəbər gəlib. Dərhal hadisə yerinə yollanıb. Yolda olarkən anasına zəng vurub, amma telefona anasının rəfiqəsi cavab verib. O bildirib ki, Tamilla Əzizova yaralıdır. Anar isə hadisə yerinə çatanda yerdə anasının meyidi ilə qarşılaşıb.
Məhkəmədə Fərda Qədirovun ilk qurbanı Sudan vətəndaşı olan 4-cü kurs tələbəsi Mustafa Məhəmməd Qasim da ifadə verib. O bildirib ki, bir neçə güllə yarası alandan sonra özünü ölülüyə vurub, təcili yardım maşınlarının səsini eşidəndən sonra isə yardım istəyib. M. Məhəmməd Fərdanın yalnız ingilis dilində söyüş söydüyünü xatırladığını bildirib.
Qeyd edək ki, M. Mustafa 21 gün xəstəxanada qalıb. Baş vermiş hadisədən sonra onun bir qulağı eşitmə qabiliyyətini itirib.
Prosesdə Dövlət Neft Şirkətində mühəndis işləyən Allahverdi Cabbarov da ifadə verib.
Mülki iddiaçı qismində çıxış edən ADNA-nın prorektoru Nurbaba Şıxıyev isə Akademiyaya 6300 manat məbləğində maddi ziyan dəydiyini açıqlayıb.
Hadisə şahidlərindən Neft qaz istehsalı və emalı texnikası kafedrasının tədris ustası
Zemfira Hüseynlinin ifadəsi isə maraqlı olub. Belə ki, o, əvvəlcə dəhlizdə bir qadının yerdə uzandığını görüb. Daha sonra bir oğlan ona tərəf yaxınlaşıb, əvvəlcə silahla əlindən vurub. Zemfira ilk atəşdən sonra yıxılıb. Daha sonra oğlan ona yaxınalaşraq daha bir güllə atıb, bu dəfə çənəsindən.
Z. Hüseynli bildirib ki, ona atəş açan oğlan şəkillərdə göstərilən Fərda Qədirov adlı şəxsə oxşamır. "Mənə güllə vuran başqa adam olub. Onun üzü ağ idi, qaşları və saçları da başqa cür idi".
Məhkəmə prosesi sabah saat 11:00-da davam edəcək.
Qeyd edək ki, budəfəki məhkəmə prosesinə telekanalların çəkiliş aparmasına icazə verilməyib. Vəkillər buna etiraz etsələr də, hakim qadağanı götürməyib.
Xatırladaq ki, Cinayət işi üzrə təqsirləndirilən 4 nəfərdən Cavidan Amirov Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (terrorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sürsatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Nadir Əliyev və Nəcəf Süleymanov CM-nin 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Ariz Qabulov isə CM-nin 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham olunurlar.
Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
Qeyd edək ki, 2009-cu il aprelin 30-da baş veriən qanlı hadisədə F.Qədirovun ADNA-nın ikinci korpusuna daxil olaraq inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfəri ölüb, 13 nəfər yaralanıb. O, daha sonra özünü vuraraq intihar edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: