Sabit Bağırov: Amerikada defoltun yaranacağına inanmıram
26 İyul 2011 Çərşənbə Axşamı 22:34
Eksperin sözlərinə görə, belə bir şey olsa, bu halda uduzan tərəf Azərbaycan olacaq.
“Dünyada iki növ defolt var. Onlardan biri texniki defoltdur, digəri isə müflisləşmə defoltudur. Amerikada elan oluna biləcək defolt, halbuki mən bunu az görürəm, texniki defoltdur”. Bu sözləri ANS-ə açıqlamasında iqtisadçı-ekspert Sabit Bağırov bildirib. Onun sözlərinə görə, bu, o deməkdir ki, Amerika borcları ödəməkdən imtina etmir: “Sadəcə olaraq, bu borclara dair müqavilələrin bəzi şərtlərinə əməl edə bilmir. Ola bilsin ki, bu müqavilələrdə hansısa şərtlər dəyişdirilməli oldu”.

S. Bağırov bildirib ki, ümumiyyətlə belə defoltlardan sonra ölkələrdə müəyyən inkişaf müşahidə olunur. O vurğulayıb ki, bu günə qədər ABŞ-ın özündə 4 dəfə buna oxşar hadisələr olub: “Hər dəfə belə hadisələrdən sonra iqtisadiyyatın artım templəri yüksəlib, işsizlik azalıb və müsbət iqtisadi hadisələr özünü birüzə verib. Təbii ki, mənfi tərəfləri də çox böyükdür. Əgər Amerika bu addımı atmalı olsa, investorlar Amerikaya inamını bir qədər azaltmalı olacaqlar. Əsasən bu, inamın azalması ilə bağlıdır”.

İqtisadçı-ekspert xatırladıb ki, Rusiya da 1998-ci ildə belə aqibəti yaşamalı olub: “Rusiya o zaman milli valyutasının məzənnəsini aşağı salmalı olub və bununla da borc öhdəliklərinin bir çoxunu sanki qarşılamış oldu. Bunun üçün yollar müxtəlifdir. Mən düşünmürəm ki, ABŞ-da Respublikaçılar Partiyası ilə demokratlar arasında bu danışıqlar bir nəticə verməsin. Mən bunun ehtimalını az görürəm”.

ABŞ-da yarana biləcək defoltun Azərbaycana və Azərbaycan iqtisadiyyatına təsirinə gəldikdə isə ekspert deyir ki, bunun əlbəttə ki, Azərbaycana təsiri ola bilər. Onun sözlərinə görə, bəllidir ki, Azərbaycanın beynəlxalq bazarlarda, xüsusilə də ABŞ qiymətli kağızlarına yatırımları böyük qismdədir: “Bizim xarici valyuta ehtiyatlarımızın həcmi təxminən 30 milyard dolları aşmaqdadır və bu pullar müəyyən qiymətli kağızlara yatırılır. Bu pulların 60-70 faizi ABŞ qiymətli kağızlarına yatırılıb. Təbii ki, bu halda da uduzan tərəf biz oluruq. Amma bir daha deyirəm, hələlik belə bir təlaşa əsas görmürəm”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar