Saakaşvili Azərbaycan şirkətləri haqqında nə dedi?
15 Noyabr 2010 Bazar Ertəsi 17:05
"Düzünü desəm, mən çox təəccübləndim ki, onlar bu qədər irəli gedib"
Bu gün Gürcüstanda Teleti-Koda-Asureti-Axalkalaki yolunun reabilitasiyadan sonra açılışı olub.Məlumata görə, Gürcüstan prezidenti Mixail Saakaşvili xanımı Sandra Rudolfsla birlikdə uzunluğu 224 kilometr olan yeni avtomobil yolunun açılışında iştirak edib. M. Saakaşvili özünün idarə etdiyi avtomobillə Akalkalakiyə qədər gedib. Tədbirə ABŞ-ın Gürcüstandakı səfiri Con Bas da qatılıb. Gürcüstan prezidenti çıxışında bu günü tarixi bir gün adlandırıb. Onun sözlərinə görə, Kvemo-Kartl-Samcxe-Cavaxeti bölgələrini əhatə edəcək yeni çəkilən yollar hər iki regionda yaşayan xalqın inkişafına və inteqrasiyasına xidmət edəcək: "Bu bölgə indi inteqrasiya yoluna çevrilib. Biz çalışacağıq ki, inteqrasiya tez getsin və bölgələrimizdə sabitlik və iqtisadiyyat getdikcə inkişaf etsin. Bu layihənin həyata keçirilməsində mən xalqımla birlikdə Amerika hökumətinə sağ olun deyirəm. Bu ölkə çoxdan bizim dostumuzdur. Bu gün yollarımız beynəlxalq standartlara cavab verir. Gürcüstanda bütün yollar belə keyfiyyətli olacaq. Bu gün istifadəyə verdiyimiz avtomobil yolu iki regionu birləşdirəcək". Azərbaycanlı jurnalistlərə açıqlamasında M. Saakaşvili bu yolun tikintisində Azərbaycan şirkətlərinin də iştirak etməsinə sevindiyini bildirib. "Biz sevindik ki, bu layihədə azərbaycanlılar da iştirak edir. Azərbaycan şirkətləri ən yüksək texnikası var və onlar hər bir işin öhdəsindən gəlməyi bacarırlar. Bu layihədə həm Almaniya, həm də Hollandiya şirkətləri iştirak edir. Demək istəyirəm ki, azərbaycanlıların necə çalışmağını heç kimlə müqayisə etmək olmaz. Düzünü desəm, mən çox təəccübləndim ki, onlar bu qədər irəli gediblər. Mən özüm Cavaxetiyada olarkən orada yaşayan Gürcüstan vətəndaşları olan erməni əsilli vətəndaşlar da azərbaycanlıların işləməyini gördülər. Bu nəinki yaxşı iş idi, həm də etnik azlıqlar arasında münasibətlərin möhkəmləndirilməsinə böyük hədiyyə idi. Burada hamı gördü ki, azərbaycanlılar dostluq etməyi də, işləməyi də və kömək etməyi də yaxşı bilirlər. Ümumiyyətlə, bu layihə bütün region üçün strateji əhəmiyyət daşıyır. Bu, Azərbaycan-Gürcüstan dostluğunun simvolu və sıx strateji əməkdaşlığın nəticəsidir. Mən buna çox şadam”. Qeyd olunub ki, layihənin həyata keçirilməsinə 2008-ci ildən başlanıb. Layihə ABŞ-ın "Minilliklərin çağırışı” Fondu tərəfindən həyata keçirilib. Layihə üçün 209 milyon dollar ayrılıb. Yolların reabilitasiya olunması üçün keçirilən tenderdə Azərbaycan tərəfdən "Azərinşaatservis" və "Akkord inşaatsənaye" şirkətləri qalib gəlib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar