S-300 sistemləri Azərbaycana nə verəcək?
26 Avqust 2010 Cümə Axşamı 21:25
Ekspert: "Strateji hədəflər baxımından bu sistem ölkəmiz üçün olduqca vacibdir".
Ermənistan tərəfi Azərbaycanın Rusiyadan S-300 raket komplekslərini almaq niyyətinə skeptik yanaşdığını göstərməyə cəhd edir. Belə ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan bununla bağlı bir sıra bəyanatlarla cıxış edib. O bəyan edib ki, Azərbaycanın S-300 komplekslərini əldə etməsi Bakı ilə İrəvan arasındakı güc balansına birbaşa təsir göstərməyəcək. Ohanyan bunu uzun müddətdir Rusiyanın Gümrüdəki hərbi bazasında belə komplekslərin olması və Ermənistan tərəfinin onların effektivliyinin azaldılması yollarının bilməsi ilə izah edib. Azərbaycanın Müdafiə Nazirliyi isə İrəvanın kvotadan artıq silahlanmaqda günahlandırır və beynəlxalq təşkilatları təftiş aparmağa cağırır.

Qeyd edək ki, S-300 zenit-raket kompleksi 3 hissədən ibarətdir. Bura enerji təminatı hissəsi, vurulalacaq hədəfləri aşkar etmək üçün radiolokasiya sistemi və hədəfləri məhv etmə elementləri daxildir.

Hərbi ekspert Cəsur Sümərinlinin sözlərinə görə, S-300 yeganə sistemdir ki, 6 hədəfə eyni zamanda 12 raket buraxmaq imkanına malikdir. O qeyd edib ki, S-300 sistemində bu raket 200 km-ə qədər olan hədəfi dəqiqliklə vurmaq imkanına malikdir. “Azərbaycanda taktiki əməliyyatlar baxımından bu sistemin istifadə olunması perspektivi görünməsə də, strateji hədəflər baxımından müəyyən hərbi niyyətləri həyata keçirmək baxımından bu sistem ölkəmizə olduqca vacibdir”, - deyə o vurğulayıb.

Maraqlıdır ki, Rusiyanın Azərbaycana S-300 raket kompleksləri satacağı barədə məlumatı bu ölkənin müdafiə nazirliyi nə təsdiq, nə də təkzib edir. Rəsmi Bakı isə Cənubi Qafqazda hərbi balansın birtərəfli qaydada pozulmasından narahatdır. Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu ANS-ə müsahibəsində bəyan edib ki, beynəlxalq təşkilatlar, o cümlədən ATƏT bu məsələdə öz sözünü deməlidir: “ATƏT-in silahlar üzərində nəzarət etmək və cinah sazişinin qorunub saxlanması üzərində nəzarəti həyata keçirmək öhdəliyi var. Əlbəttə ki, bunlar yoxlanılmalıdır. Onsuz da indiyənə qədər birtərəfli qaydada Ermənistan kvotadan kənar silahlandırılıb. Bu bütün dünyaya məlumdur. Bir tərəfə üstünlük verib, digər tərəfi aşağılamasınlar. Bunu Azərbaycan heç zaman öz üzərinə götürə bilməz və bağışlaya bilməz”.

Eldar Sabiroğlunun sözlərinə görə, artıq bölgədə yeni vəziyyət yaranıb və belə olan şəraitdə Azərbaycan ordusu öz imkanlarını məhdudlaşdırmayacaq. NATO ilə Azərbaycan arasında sıx əməkdaşlığın olduğunu xatırladan Müdafiə Nazirliyinin rəsmisi NATO standartlarına keçidlə bağlı işlərin uğurla getdiyini bildirib.

Eldar Sabiroğlu onu da deyib ki, Azərbaycanın heç bir dövlətin torpağında gözü yoxdur və ordunun qüdrətinin artırılması işğal altındakı torpaqların azad olunmasına hesablanıb. Odur ki, Azərbaycan öz ordusunu təmin etmək üçün həm NATO, həm də ayrı-ayrılıqda digər dövlətlərlə hərbi-texniki əməkdaşlıqda maraqlıdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar