Rüstəm İbrahimbəyov Rusiya pasportunu təhvil verib
23 İyul 2013 Çərşənbə Axşamı 22:34
Eldar Namazov: Yaxın günlərdə Rusiyanın müvafiq qurumu Milli Şuranın vahid namizədinin Rusiya vətəndaşlığını ləğv edəcək.
Bir qrup müxalifət partiyasının və fəalının yaratdığı Milli Şuranın vahid namizəd elan etdiyi Rüstəm İbrahimbəyov namizədliyinin qeydə alınmasında maneə kimi göstərilən ikili vətəndaşlıq məsələsini həll edəcək. Bunu şuranın icra aparatının rəhbəri Eldar Namazov bildirdi.

Onun dediyinə görə, İbrahimbəyov Rusiya pasportunu artıq bu ölkənin müvafiq qurumuna təhvil verib və yaxın vaxtlarda həmin qurum onun Rusiya vətəndaşlığını ləğv edəcək. Bununla da Rüstəm İbrahimbəyov yalnız Azərbaycan vətəndaşı olacaq. Eldar Namazov deyir ki, Rüstəm İbrahimbəyovun namizədliyinin qeydiyyatı bu yaxınlarda Vaşinqtonda keçirilən müzakirələrdə də diqqət mərkəzində olub.

Milli Şuranın icra aparatının rəhbəri, Eldar Namazov: “Bir neçə dəfə ABŞ rəsmiləri Rüstəm İbrahimbəyovun namizədliyinin qeydiyyatı məsələsini qaldırdılar. Bir dəfə bu suala Vaşinqtondakı Azərbaycan səfiri Elin Süleymanov cavab verdi, bir dəfə də Bakıdan gedən hakimiyyət nümayəndələri. Bu məsələyə diqqət həddən artıq böyükdür və beynəlxalq ictimaiyyətdə belə bir fikir formalaşır ki, Rüstəm İbrahimbəyovun namizədliyinin qeydiyyata alınması məsələsi seçkinin legitimliyi deməkdir”.

Amma sözügedən tədbirdə iştirak etmiş Milli Məclisin deputatı, Amerika-Azərbaycan dostluq qrupunun üzvü Asim Mollazadə rəsmi Vaşinqtonun Milli Şuraya, yaxud hər hansı digər siyasi quruma dəstək vermədiyini deyir.

“Bu müzakirələr deyildi, çünki müzakirə olsaydı konqresdə olardı, konqresmenlər də iştirak edərdi. Bu sadəcə fikir mübadiləsi idi”, - deyə Asim Mollazadə bildirib.

Xatırladaq ki, sözügedən tədbirdə Azərbaycanın Amerikadakı səfiri Elin Süleymanov və Milli Məclisin komitə sədri Səməd Seyidov da iştirak edib. Onlar öz çıxışlarında Dağlıq Qarabağdan qaçqın düşən azərbaycanlıların hüquqlarının pozulmasını qabardıblar.




DOSTLARINLA PAYLAŞ:

oyunlar