Rusiyanın təklifləri Minsk qrupunun mövqeyi hesab edilə bilməz
22 İyul 2010 Cümə Axşamı 12:30
Azərbaycan XİN-i Serj Sarkisyanın bəyanatını şərh edib. Rusiyanın təklifləri Minsk qrupunun mövqeyi hesab edilə bilməz.
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistan prezidenti Serj Sarkisyanın hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar masasında Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Sankt-Peterburq görüşündə edilən son təkliflərin olduğuna dair bəyanatını şərh edib.
XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov qeyd edib ki, Sankt-Peterburqda keçirilən görüşdə ATƏT-in Minsk qrupunun yalnız bir həmsədr ölkəsi - Rusiya iştirak edib və bununla əlaqədar orada səsləndirilən təkliflər Minsk qrupunun təşəbbüsü deyil.
“Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin formatı üç həmsədr ölkə - Rusiya, ABŞ və Fransa tərəfindən razılaşdırılan təkliflərin irəli sürülməsini nəzərdə tutur. Peterburqda isə Rusiya tərəfindən işgüzar təkliflər edilib. Və bunlar ATƏT-in Minsk qrupu tərəfindən irəli sürülən yenilənmiş Madrid prinsiplərinə heç bir şəkildə təsir göstərmir”, - deyə Poluxov bildirib.
Onun sözlərinə görə, hazırkı danışıqlar prosesinin formatı Afinada ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin, daha sonra Kanadada “Böyük səkkizliy”in sammiti çərçivəsində ABŞ, Rusiya və Fransa prezidentlərinin birgə bəyanatında öz təsdiqini tapıb.
Elxan Poluxov bir daha qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi ATƏT-in Minsk qrupuna üzv olan həmsədr ölkələr tərəfindən ali və yüksək səviyyədə bəyan edilən birgə bəyanatlar əsasında davam etdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: