Rusiyanın ordusunu ölkə xaricinə çıxarmaqda məqsədi nədir?
12 Avqust 2009 Çərşənbə 19:05
Politoloq Qabil Hüseynli hesab edir ki, Moskva yenidən dünyaya hegemonluq etmək niyyəti güdür

 

«Rusiya Ukraynaya qarşı təxribatlar planı hazırlayır və artıq bu planı həyata keçirməyə başlayıb». Bu sözləri ANS PRESS-ə açıqlamasında politoloq Qabil Hüseynli son zamanlar Rusiya ilə Ukrayna arasında yaranmış gərginliyə və Rusiya prezidenti Dmitri Medvedevin Dövlət Dumasına Rusiya Silahlı Qüvvələrindən ölkə xaricində də istifadə olunmasını nəzərdə tutan qanun layihəsini təqdim etməsinə münasibət bildirərkən söyləyib. Onun sözlərinə görə, Rusiya Ukraynada seçkiqabağı qarşıdurma yaranmasında maraqlıdır: «Rusiya indidən çalışır ki, Ukraynada hakimiyyətə rusiyapərəst və Rusiya mövqeli qüvvələr gətirilsin».

Politoloq qeyd edib ki, son zamanlar Rusiya «qın»ından çıxıb: «Eks prezident Boris Yeltsinin dövründə Rusiyada ordu böhran içində, iqtisadiyyat olduqca geridə idi. Amma Putinin hakimiyyətə gəlişindən sonra Rusiya yenidən millitarist siyasət yeritməyə başladı. Bu siyasət bu gün Dmitri Medvedevin hakimiyyəti dövründə özünü daha qabarıq şəkildə göstərməkdədir».

Q.Hüseynli bildirib ki, bu gün artıq Rusiya ordusu güclənib və o, qlobal miqyasda bütün iri layihələrdə iştirak edir: «Rusiyanın sualtı gəmiləri dünya okeanlarında üzməyə başlayıb. Hətta Rusiya təyyarələri Venesuelada yerləşdirilib. Bununla da Rusiya Cənubi Amerikada öz hərbi bazasının təməlini qoyub. Rusiyanın Qırğızıstanda da hərbi bazası var. Son aylar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyəti gücləndirilir və bu təşkilat artıq hərbi pakta çevrilməkdədir. Bir sözlə, Rusiya bu addımları ilə dünya üzərində bir zamanlar mövcud hegemonluğunu bərpa etmək niyyətindədir».

Politoloq bütün bu atılan addımların digər sahələrdə də özünü açıq-aşkar büruzə verdiyini xatırladıb. Onun sözlərinə görə, bu günlərdə Rusiya ilə Türkiyə arasında «Mavi axın» qaz kəmərinin çəkilişi ilə bağlı imzalanmış sənəd də göstərir ki, Rusiya enerji siyasətində də dünyaya öz iradəsini diqtə etmək məqsədi güdür: «Ötən qış Rusiyanın Ukraynanı qazsız qoyması və qaz imtahanına çəkməsi də bundan irəli gəlir. İndi də Rusiya prezidenti Dmitri Medvedev Dövlət Dumasına yeni qanun layihəsi təqdim edərək, Rusiya Federasiyasının Silahlı Qüvvələrindən ölkə xaricində də istifadə olunmasını nəzərdə tutan qanunu irəli sürməsi bir növ qabaqlayıcı siyasətdən irəli gəlir».

Politoloq hesab edir ki, qabaqlayıcı addımların atılmasında məqsəd son zamanlar Ukrayna-NATO yaxınlaşmasının qarşısını almaqdır: «Məhz bu yaxınlaşmanın qarşısını almaq üçün Rusiya bir tərəfdən Ukraynanın və ona qonşu olan dövlətlərin daxilində olan rusiyapərəst siyasətçilərdən istifadə edir, onları vəzifəyə və hakimiyyətə gətirməyə çalışır. Digər tərəfdən də Dumaya yeni qanun layihəsini təqdim edir. O qanunu ki, gələcəkdə bu layihə Rusiya Federasiyasının Silahlı Qüvvələrindən ölkə xaricində də istifadə olunmasını nəzərdə tutur».

Aqşin Rafiqoğlu /ANS PRESS/

 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar