Rusiyalı həmsədr Astana görüşü ilə bağlı açıqlaması
27 Noyabr 2010 Şənbə 10:50
"Hesab edirik ki, Azərbaycan və Ermənistan prezidentləri sammitdə iştirak edəcəklər"
"Görüş normal və işgüzar ritmdə keçdi. Biz Astanada keçiriləcək sammitə hazırlıq məsələlərini müzakirə etdik. Burada işgüzar görüşümüz var. Buradan isə Astanaya gedəcəyik". ANS TV-nin məlumatına görə, bunu İrəvana səfərini başa vuraraq Bakıya qayıdan ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov Heydər Əliyev Beynəlxalq Hava Limanında Ermənistanda keçirdikləri görüşlər barədə jurnalistlərə açıqlamasında bildirib.
Rusiyalı həmsədr Ermənistan prezidenti Serj Sarkisyanın Astanda ATƏT-in sammitinə qatılması məsələsinə də münasibət bildirib: "Hesab edirik ki, Azərbaycan və Ermənistan prezidentləri sammitdə iştirak edəcəklər. Nəticəni bilmək üçün isə biz Astana görüşünü gözləməliyik. Görüşün hansı formatda keçiriləcəyi isə müzakirə mövzusudur. Son nəticə isə mən güman edirəm ki, Astana görüşü qabağı məlum olacaq".
Qeyd edək ki, Ermənistana səfərini başa vuran ATƏT-in Minsk qrupunun amerikalı və rusiyalı həmsədrləri Robert Bradtke və İqor Popov yenidən Bakıya qayıdıblar. Həmsədrlər bu gün xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcəklər.
Fransalı həmsədr Bernar Fasye isə ölkəsinə qayıdıb. O, həmkarlarına Astanada qoşulacaq.
DOSTLARINLA PAYLAŞ: