Rusiyadan alınmış helikopterlərin növbəti partiyası Azərbaycana gətirilib
10 Avqust 2012 Cümə 18:51
Azərbaycanın Rusiyadan aldığı Mi-35M tipli helikopterlərin növbəti partiyası ölkəyə gətirilib.
APA-nın məlumatına görə, helikopterlər «Rosvertol» şirkətinin Rostov-Don şəhərindəki zavodundan yola salınıb.
Bununla da Azərbaycanın 2010-cu ildə Rusiyaya sifariş verdiyi helikopterlərin yarısının çatdırılması təmin olunub. Qeyd edək ki, 2010-cu ildə Dövlət Sərhəd Xidməti ilə Rusiyanın “Rosoboroneksport” şirkəti arasında 24 ədəd Mi-35M tipli helikopterin alqı-satqısına dair müqavilə imzalanıb.
Azərbaycanın sifarişi üzrə, ilk 4 ədəd Mi-35M helikopter isə 2011-ci il dekabrın 12-də Azərbaycana göndərilib. Rusiyadan alınmış helikopterlərin təqdimatı cari ilin aprel ayında keçirilib.
Qeyd edək ki, Mi-35 helikopterləri Mi-24 helikopterlərinin zirehli tank texnikasının məhv edilməsi üçün nəzərdə tutulub və müasirləşdirilmiş versiyasıdır. Daha güclü mühərrikə malik bu helikopterlər həmçinin desant və yaralıların evakuasiyası, bölmələrin atəş dəstəyi ilə təmin olunması, qoşqu vasitəsilə yüklərin daşınmasını həyata keçirə bilir.
DOSTLARINLA PAYLAŞ: