Rusiyada xristianlığın banisi Knyaz Vladimir abidəsi Bakıda hazırlanacaq
12 İyul 2011 Çərşənbə Axşamı 02:35
Müqəddəs Knyaz Vladimirin heykəli Həştərxanda qoyulacaq.
Azərbaycan Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidə ucaldılması nəzərdə tutulan layihənin sərmayədarlarından biri qismində çıxış edəcək. AzərTAc Rusiya KİV-lərinə istinadla xəbər verir ki, abidə Həştərxanda, eyniadlı kilsənin qarşısındakı meydanda qoyulacaq.
Azərbaycan tərəfi bu layihədə sərmayədarlardan biri kimi çıxış edir. Həştərxan meri Sergey Bojenovun iştirakı ilə keçirilmiş müşavirədə gələcək monumentin təqdimatı olub. Müəlliflər bu layihənin xüsusiyyətləri barədə şəhər rəhbərinə məlumat vermiş və abidənin son variantını razılaşdırıblar.
Knyaz Vladimirin heykəli və pyedestal Bakıda hazırlanacaq. Abidənin ətrafındakı ərazinin abadlaşdırılması işini isə Həştərxan meriyası öz üzərinə götürür. Sahil küçəsi boyunca Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinə qədər olan hissədə piyadaların hərəkət zonasını təşkil etmək və yaşıllaşdırma işləri aparmaq nəzərdə tutulur.
Ümumrusiya Azərbaycanlılar Konqresinin Həştərxan regional bölməsinin sədri Ədalət Hüseynov astrgorod.ru portalına müsahibəsində deyib: “Biz Rusiya xalqı və Həştərxan ilə dostluğu çox yüksək qiymətləndiririk. Müştərək mədəni layihələr buna ən yaxşı sübutdur”.
Müqəddəs Vladimirə abidə ucaltmaq təşəbbüsünü həştərxanlılar özləri irəli sürüblər. Şəhər sakinlərinin çoxsaylı müraciətlərindən sonra meriya Həştərxan və Yenotayev arxiepiskopu İonanın razılığı ilə bu abidənin ən yaxşı maketi üçün müsabiqə elan edib. Müsabiqədə moskvalı məşhur heykəltəraş, Rusiyanın xalq rəssamı Andrey Kovalçuk qalib gəlib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: