Rusiyada öldürülən azərbaycanlı biznesmen kriminal aləmlə bağlı olub?
20 Aprel 2012 Cümə 22:03
İş adamı İlqar Əliyevin qətli ilə bağlı müxtəlif versiyalar səslənir.
Moskvada ötən gün avtomobilində güllələnən azərbaycanlı, biznesmen İlqar Əliyevin qətli ilə bağlı müxtəlif versiyalar səslənir. İş adamının kriminal aləmlə əlaqəsinin olduğu da deyilir. Hələlik əsas versiya qətlin biznes münasibətəri zəminində törədilməsidir.

Rusiya mətbuatının yazdığına görə, ötən gün Moskvada öldürülən azərbaycanlı İlqar Əliyev kriminal aləmdə tanınan adamdır. Onun cinayət aləmində söz sahibi olan və “Ded Hasan” kimi tanınan Aslan Usoyanın sağ əli olduğu deyilir. İrəli sürülən versiyalardan biri kimi qətlin “Ded Hasan”a rəqib olan “Rövşən Lənkəranski” ləqəbli Rövşən Canıyev tərəfindən sifarişli olduğu səslənir.

Rusiyada Azərbaycan diasporunun təmsilçisi İlqar Hacıyev isə İlqar Əliyevin kriminal aləmlə əlaqəsi olması fikrini inkar edərək, onun biznes münasibətləri zəminində öldürüldüyü qənatindədir. Onun sözlərinə görə, bu gün burada hər bir öldürülən azərbaycanlıya ad da qoşurlar: “Çünki bunun milli məsələyə çevrilməməsi üçün bu lazımdır. İş adamlarının burada inkişaf etməsi yəqin digər adamlara mane ola bilər. İlqarı öldürən onun rəqibləri də ola bilər. Çünki o, maşında tək olmayıb, ikinci adam da olub. İlqar Əliyevin həyat yoldaşı da olub”.

Xatırladaq ki, ötən gün Rusiyanın paytaxtı Moskvada Azərbaycan əsilli biznesmen İlqar Əliyev öz avtomobilində güllələnərək öldürülüb. Hadisə şahidlərinin sözlərinə görə, avtomobil işıqforun qarşısında dayanan zaman qara geyimli, başında qara kepka olan bir kişi maşına doğru qaçıb və tapançadan təxminən 3 dəfə güllə atıb.

Birinci vuruşdan sonra biznesmen avtomobilini qaçırmaq istəsə də, qarşıda 3 maşın olduğundan hərəkət edə bilməyib. 52 yaşlı İlqar Əliyev güllə yarasından yerindəcə keçinib. Bir güllə isə onun yanında əyləşən qadının başından sürtünərək keçib. Yaralanmış qadın xəstəxanadadır. Qatil onu gözləyən avtomobilə əyləşərək hadisə yerindən qaçıb. İstintaqın əsas versiyasına görə, qətl professional killer tərəfindən həyata keçirilib. Biznesmenin uzun müddət izləndikdən sonra qətlə yetirildiyi güman edilir. İstintaq orqanlarının ilkin araşdırmasına görə, öldürülən iş adamı spirtli içkilərin topdan satışı ilə məşğul olan şirkətin baş direktorudur.

Qeyd edək ki, bu son 2 həftə ərzində Rusiyada öldürülən ikinci azərbaycanlıdır. Ötən həftə Moskvada tanınmış azərbaycanlı dinşünas Mətin Mehdiyev də xüsusi amansızlıqla qətlə yetirilmişdi. Artıq Mətin Mehdiyevi öldürənlərin kimliyi məlumdur, onların axtarışı davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar