Rusiyada dindarlar açıq-saçıq geyimə qadağa qoyulmasını istəyir
20 Yanvar 2011 Cümə Axşamı 06:55
Rusiyada dindarlar açıq-saçıq geyimə qadağa qoyulmasını istəyir. “Əgər qadın mini yubkadadırsa, nəinki qafqazlını yolundan çıxaracaq, hətta rusları da təxribata çəkəcək”.
Rusiya ortdoksal kilsəsi ölkədə kişilər və qadınlar üçün geyim kodeksi tətbiq edilməsini təklif edib. Kilsənin sinodal şöbəsinin məsul şəxsi Vsevolod Çaplin deyib ki, məktəblərdə, şirkətlərdə geyim kodeksi tətbiq edildiyi kimi, yaxşı olardı, barlarda, ictimai yerlərdə də ümumi Rusiya geyim kodeksi tətbiq ediləydi.

Keşiş Vsevolod deyib ki, əgər qadın mini yubkadadırsa, nəinki qafqazlını yolundan çıxaracaq, hətta rusları da təxribata çəkəcək. Üstəlik, qadın sərxoşdursa və kimisə yoldan çıxarmaqda aktivdirsə, bu, axırda onun zorlanması ilə başa çatacaq.

Keşişin fikrincə, qadınların zorlanmasına daha çox onların geyimi, xarici görünüşü səbəb olur.

Vsevolod Çaplinin sözlərinə görə, bütün zamanlarda bütün millətlərdə adamın xarici görünüşü heç də həmişə şəxsi məsələ sayılmayıb. “Qadınların ictimai yerlərdə, institutda, iş yerində özünü necə aparması heç də onların şəxsi işi deyil” deyən Vsevolod ata göstərir ki, kişilər də öz geyimləri ilə qadınlardan geri qalmırlar: “Şəhərin ortasında şortik-maykada, çəkələkdə gəzən adama heç də hörmət göstərmirsən, bəd ayaqda fikirləşirsən ki, bomjdur”.

Onun sözlərinə görə, küçədə, metroda və ya barda kloun kimi geyinib-bəzənmiş qadınlar nəinki sərxoş axmaqlara rast gəlmək riski ilə üz-üzədir, hətta həyatının “sputniki” ola biləcək kişini də tapa bilməyəcəklər: “Açıq-saçıq görünüş, abırsız rəftar – bədbəxtliyə aparan yoldur. Həyatda bir dəfə sevmək arzusunun boşa çıxması, qısamüddətli nikah, taleyinə zərbə vurulmuş uşaqlar, tənhalıq deməkdir”.

Moskva Helsinki Qrupunun rəhbəri Lyudmila Alekseyeva deyib ki, geyim kodeksinin tətbiqi ilə bağlı gətirilən arqumentlər cəfəngiyyatdır. 83 yaşlı hüquq müdafiəçisi “İnterfax” xəbər agentliyinə insanların geyimə yox, ağıla ehtiyacı olduğunu deyib: “Kim necə istəyir, elə də geyinsin. Çeçenistanda qadınları ictimai yerlərə yaylıqsız buraxılmırlar. Bu, müsəlman geyim kodeksidir. İndi də provoslav geyim kodeksi tətbiq edilir. Sonra hansısa geyim kodeksi fikirləşəcəklər. Mən özüm nə mini yubka geyinirəm, nə də dekolte. Amma kimə nə dəxli var, kim necə geyinir? Ruslarda bir söz var, geyimə görə qarşılayıb ağlına görə yola salarlar. Deməli, ağıl lazımdır, paltar yox. Qoyun adam özü qərar versin, necə geyinir”.

Prezident Yanında İnsan Haqları Şurasının rəhbəri Mixail Fedotov isə cəmiyyətdə geyimin idarə olunmasına ehtiyac olmadığını deyir. Onun sözlərinə görə, Rusiyada kütləvi geyim kodeksi var və rahatca istifadə olunur: “Bizdə elə bir qanun yoxdur ki, şalvar geyinmək yalnız kişi cinsinə məxsusdur. Heç belə qaydaya da ehtiyac yoxdur. Bizdə artıq rəsmi ictimai geyim var – kişilər kostyum və qalstuk, qadınlar kostyum, yubka və ya don geyinirlər”.

Mixail Fetodov deyir ki, kilsəyə getmək istəyən kişi əyninə şortik geyinmir və ya qadınlar da qaydaya uyğun başlarını bağlayır: “Rusiya dünyəvi dövlətdir və burda kütləvi geyim kodeksləri var. Bank işçisinin geyim tərzi zavodda işləyənin geyimindən fərqlənir. Nəyisə dəyişməyə ehtiyac yoxdur, mədəni səviyyəni, o cümlədən geyimə münasibəti inkişaf etdirməyə ehtiyac var”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar