Rusiya şirkəti Azərbaycanın müvafiq qurumlarına axtarış sistemi təklif edir
20 Oktyabr 2011 Cümə Axşamı 16:06
Rusiyanın «Pelenq» şirkəti Azərbaycanın axtarış-xilasetmə fəaliyyəti ilə məşğul olan qurumlarına axtarış sistemi təklif edir.
Bu barədə APA-ya Bakıda keçirilən 4-cü Xəzər beynəlxalq Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri Sərgisində (CİPS) təmsil olunan «Pelenq» şirkətindən məlumat verilib.
«Proeye 951-S» adlı çoxtəyinatlı axtarış sistemi şaxtalarda, quyularda, kanallarda, boru kəmərlərində, uçqunların və torpağın altında qalmış şəxslərin tapılması üçün nəzərdə tutulub.
Sistem displey, akkumulyator, teleskopik boru, RM-55DX tipli kamera və mikrofondan ibarətdir. Şirkət rəsmilərinin sözlərinə görə, teleskopik borunun daha dərin - 50 metr məsafədən çəkiliş və izləmə aparmaq imkanları var. Bu sistem vasitəsilə real vaxt rejimində rəngli görüntü əldə etmək, audiosiqnalı qəbul etmək və zərər çəkmişlə ünsiyyət qurmaq mümkündür.
«Pelenq» şirkəti eyni zamanda «Proeye 888-EX» tipli xilasetmə əməliyyatları üçün nəzarət və qeydə alma sistemini də nümayiş etdirib. APA
DOSTLARINLA PAYLAŞ: