Rusiya Qarabağda fevralın 20-də müharibə başlatmağa hazırlaşır
15 Fevral 2013 Cümə 23:57
Rusiya mətbuatı müxtəlif iddialarla yadda qalırlar.
Azərbaycan Müdafiə Nazirliyindəki yüksək rütbəli qaynaqlar dünən APA vasitəsilə Qarabağda vəziyyətin kritik dərəcədə gərginləşdiyini, hətta fevralın 20-də müharibənin başlaya biləcəyini göstərən məlumatlar sızdırıb. Orada deyilir ki, son günlər Ermənistan ordusunun təmas xətti boyu Azərbaycan ordusunun mövqelərinə həmlələri artıb. Son bir həftə ərzində cəbhə xəttində diversiya törətməyə cəhd göstərən Ermənistanın 7 hərbçisi öldürülüb, 4-ü isə yaralanıb. Məlumatda deyilir ki, ötən həftə ərzində Ermənistanın diversiya qruplarının 2 dəfə Qazax-Tovuz istiqamətində, 2 dəfə isə Ağdam-Xocavənd istiqamətində Azərbaycan ordusunun mövqelərinə sızma cəhdi önlənib. Düşmənin aktivliyinin qarşısını almaq məqsədilə cəbhədə Azərbaycan Silahlı Qüvvələrinin snayperlərinin sayı artırılıb.
“Öldürülən 7 hərbçinin hamısı müqavilə əsasında xidmət edənlərdir. Onların necə, hansı şəraitdə öldürülməsi bütün detalları ilə qeydə alınıb. Yaranmış vəziyyətlə əlaqədar olaraq, ön mövqedəki hərbçilərimizə düşməni görülən anda məhv etmək tapşırığı verilib” deyə, mənbə bildirib.
Mənbə onu da qeyd edib ki, son günlər Ermənistan Müdafiə Nazirliyi tərəfindən Qazax və Tovuz istiqamətində istehkam işlərinə, ön xətdəki qazıntılara ətraf kəndlərdən mülki texnikalar cəlb olunur. Azərbaycan tərəfi də öz növbəsində bununla bağlı ATƏT-in nümayəndəsini məlumatlandırıb. Əks təqdirdə, cəbhə xəttinə hərbi məqsədlər üçün cəlb olunan texnikaların da məhv ediləcəyi barədə qarşı tərəfə xəbərdarlıq edilib.
"Ermənistan Müdafiə Nazirliyi fevralın 11-i saat 10:30-da Tovuz-Berd sərhədində baş verən faktı da yəqin ki, gizlətməyə çalışacaq. Həmin tarixdə Ermənistan ordusunun bölgədəki hərbi hissəsinin komandiri və müavinlərinin maşınlarının 1300 metr məsafədən necə vurulub sıradan çıxarıldığını xatırlatmaq istərdik. Hansı ki, həmin yüksək rütbəli zabitlər mülki insanların gözü önündə maşından papaqlarını götürərək qaçdı. Maşının aşması, yaxınlıqdakı 2 nəfərin xəsarət alması, bütün bu prosesləri əks etdirən görüntülərin internetdə yayılacağını düşünmək olar» deyə, mənbə əlavə edib.
Məlumata görə, Azərbaycan tərəfi cəbhədə təxribatlar zamanı öldürülmüş, lakin Ermənistan ordusunun rəhbərliyi tərəfindən mediadan gizlədilən hərbçilərin adını, onların harada, nə zaman öldürülməsi, hansı hərbi hissənin əsgəri olması barədə məlumatları açıqlamağa hazırlaşır. Fevralın sonlarında belə bir hesabatın açıqlanması gözlənilir.
Hərbi mənbələrdən APA-ya daxil olan digər məlumata görə, hazırda cəbhənin mərkəzində təxribat cəhdləri ilə yanaşı, Xocalı aeroportunda da işlər intensivləşib. Aeroportdakı avadanlıqların, o cümlədən rabitə və radiolokasiya sistemlərinin sınaqları keçirilir: “Müxtəlif kanallardan əldə olunan məlumatlara görə, fevralın 20-si ərəfəsində Xocalı hava limanına uçuş planlaşdırılır. Bütün hallarda bu təxribat cəhdlərinin də qarşısı alınacaq”.
Fevralın 20-də Xocalı aeroportuna Ermənistandan ilk uçuşa hazırlıq getdiyi barədə “Yeni Müsavat” qəzeti də hələ iki həftə əvvəl məlumatlar vermişdi. Həmin məlumatlarda deyilirdi ki, Rusiya Qarabağda hərbi əməliyyatları başlatmaq və bundan istifadə edib Azərbaycanı cəzalandırmaq üçün təhlükəli ssenari hazırlayıb. Həmin ssenariyə əsasən, fevralın 20-də Ermənistandan Xankəndi aeroportuna ilk uçuş həyata keçiriləcək və Azərbaycan tərəfi bu uçuşun qarşısını almaq üçün tədbirlər görməli olacaq. Bildirilirdi ki, Ermənistandakı prezident seçkilərindən dərhal sonra, çox güman ki, fevralın 20-də prezident Serj Sərkisyanın da Xankəndinə gələcəyi gözlənilir. İstisna deyil ki, Sərkisyan özü də Xankəndinə uçacaq ilk təyyarənin sərnişinlərindən biri ola bilər. Hansı ki, bugünlərdə o, növbəti dəfə bu barədə danışıb. Təbii ki, Rusiyanın təminatı olmasa nə Ermənistan Qarabağa uçuşlar başlada, nə də Sərkisyan hava yolu ilə işğal altındakı ərazilərə gəlməyə risk edə bilər.
Qarabağda müharibə riskinin artdığı və Xankəndi aeroportuna uçuşların hərbi əməliyyatların başlamasına səbəb ola biləcəyi barədə bir gün əvvəl Kremlə bağlı Rusiya nəşri “Nezavisimaya qazeta” da yazıb. Qəzet Azərbaycan ordusunun cəbhənin Tərtər istiqamətində hərbi manevrlərə başlamasını da müharibə hazırlığı kimi qiymətləndirib. “Nezavisimaya qazeta”nın bu təlimlərlə bağlı “Azərbaycan ordusu əsas hücum istiqamətinə çıxır” başlıqlı məqaləsində deyilirdi ki, Rusiya qoşunlarının və onların Ermənistandakı müttəfiqlərinin döyüş qabiliyyətinin artırılması Azərbaycanın Dağlıq Qarabağ yaxınlığında manevrlərinin artması ilə müşayiət olunur. Qəzet yazır ki, Rusiyanın Ermənistandakı 102-ci bazasının xüsusi təyinatlı qüvvələri və tank bölmələri erməni ordusunun hissələri ilə birlikdə bugünlərdə xüsusi təlimlər keçirmək üçün dağlıq ərazilərdəki poliqona yollanıblar. Azərbaycan qoşunları isə bu ərəfədə Tərtər cəbhəsi istiqamətində cəmlənib və orada irimiqyaslı təlimlər keçirir.
Rusiya qəzeti qeyd edir ki, təlimlərin Tərtər istiqamətində keçirilməsi təsadüfi deyil. Çünki bu istiqamət cəbhənin ən həssas hissəsidir. Ərazi düzənlikdir və münaqişə tərəfləri arasında ayırıcı xətt Xankəndi-Bakı avtomobil trası boyunca keçir. “Bu yol boyunca Dağlıq Qarabağ qüvvələrinin hərbi obyektləri, o cümlədən Xocalı aeroportu yerləşir. Nəhayət, Tərtər şəhəri 1994-cü ildə atəşkəs razılaşması imzalananda sonuncu döyüş əməliyyatlarının getdiyi yerdir. Ehtimal var ki, hərbi əməliyyatlar da məhz Tərtərdən başlayacaq. 1994-cü ildə alınmaz qalaya çevrilən və erməni qüvvələrinin girə bilmədiyi Tərtər şəhəri əməliyyat-strateji əhəmiyyət kəsb edir. Ekspertlərə görə, Azərbaycan ordusunun düşmənə əsas zərbəsini də məhz bu istiqamətdən gözləmək lazımdır” deyə, müəllif yazır.
İstefada olan general-leytenant Yuri Netkaçayev də Azərbaycan ordusunun Tərtər istiqamətindən hücum ehtimalını yüksək sayır. “Praktiki olaraq Dağlıq Qarabağın bütün ərazisi dağlıq relyefə malikdir, hansı ki, orada effektiv, ancaq az xərc aparan müdafiə xətti qurulub. Yalnız Dağlıq Qarabağın düzənliklərdən ibarət olan cənub-şərq hissəsində, Tərtər və Ağdam rayonları istiqamətində çoxeşalonlu müdafiə xətləri və digər mühəndis qurğuları yerləşir. İstisna deyil ki, Azərbaycan qoşunlarının manevrlərində məqsəd məhz Qarabağ qüvvələrinin Tərtər-Ağdam istiqamətində müdafiə xəttinin yarılmasına hesablanıb” deyə, o bildirib.
Rusiyanın Azərbaycan sərhədlərinə neçə vaxtdır iri qoşun qruplaşmaları cəmləşdirdiyi barədə artıq mətbuat yazıb. Eyni zamanda Rusiya hərbi-siyasi dairələri Qarabağda hərbi əməliyyatların başlayacağı halda Moskvanın buna hansı cavabı verəcəyinə dair planın xeyli detallarını hələ bir il əvvəl mətbuata sızdırmışdı. “Arqumenti nedeli” həftəliyi Rusiya silahlı qüvvələrinin Baş qərargahındakı mənbələrə istinadən yazmışdı ki, müharibə başlasa, Rusiya Ermənistana kömək üçün Cənub Hərbi Dairəsindən istifadə edəcək. Bildirilir ki, o, Rusiya Silahlı Qüvvələrinin ən müasir hərbi birləşməsidir. Bu, Rusiya ordusunun ən modern hərbi birləşməsidir, onun tərkibində məşhur 58-ci ordu, habelə yeni yaradılmaqda olan 49-cu ordu yer alır.
Bildirilirdi ki, Dağıstana qüvvələri cəmləşdirəndən sonra Xəzər sahili boyu Rusiya ordusunun zərbə qruplaşmaları paralel olaraq Bakı istiqamətinə və Qarabağa hücum edən qoşun qruplaşmalarının arxa cəbhəsinə güclü zərbələr endirə bilər. Eyni zamanda Xəzərdə hökmranlıq edən Rusiya hərbi donanması neft platformalarına, sahil boyu hərbi obyektlərə zərbələr endirə, Bakıya desant çıxara bilər. Ballistik və qanadlı raketlərlə əsas komanda mərkəzlərinə zərbə endirilər, aerodromların işi iflic olar, aviasiya tez bir zamanda sıradan çıxarılar. “Əlbəttə, Azərbaycan Gürcüstandan daha möhkəmdir, ordusu böyükdür, silahları daha yaxşıdır, lakin istənilən halda, Rusiya ilə qarşıdurmada şansı yoxdur. Belədirsə, cəhd eləməyə dəyərmi?” deyə, həftəlik yazmışdı. Həmin yazının dərc olunmasından sonra Rusiyanın Dağıstana durmadan qoşun cəmləşdirdiyi haqda xəbərlər gəlməyə başladı.
DOSTLARINLA PAYLAŞ: