Rusiya Liviyadakı hərbi əməliyyatlarda iştirak etməyəcək
18 Mart 2011 Cümə 14:46
Federasiyanın Baş Qərargah rəisi Nikolay Makarov bəyanat verib
Rusiya Liviyadakı beynəlxalq hərbi əməliyyatda iştirak etməyəcək. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu bəyanatla Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nikolay Makarov çıxış edib.
“Xeyr, bu istisnadır”, - deyə o bildirib.
Bu ərəfədə, bir sıra Avropa ölkələri və ABŞ öz qoşunlarını BMT-nin Liviya üzərində uçuşları qadağan edən qətnaməsini yerinə yetirmək üçün hazır vəziyyətə gətirmək üzrədir.
Qeyd edək ki, Fransa bir neçə saat ərzində Liviyada hərbi əməliyyata başlamaq niyyətindədir. Bu bəyanatla Fransa hökumətinin təmsilçisi Fransua Baruana çıxış edib.
Əməliyyatın xarakteri haqda heç bir məlumat verilmir. Lakin bir qədər öncə yayılan məlumatlarda söhbətin Liviyaya aviazərbələrin edirilməsindən getdiyi məlum olur.
Xatırladaq ki, bu gecə BMT Təhlükəsizlik Şurası Liviyada dərhal atəşkəsin elan edilməsi haqda qətnamə qəbul edib. Bu sənəd özündə dinc əhaliyə qarşı zorakılığın qarşısını almaq üçün, yerdə əməliyyatlar aparmaq istina olmaqla, istənilən tədbirlərin tətbiq edilməsini nəzərdə tutur.
Öz növbəsində Qəddafi tərəfdarları bəyan ediblər ki, BMT-nin qəbul etdiyi qətnamə ölkənin vahidliyinə təhdid hesab edilir. Onlar hesab edirlər ki, bu sənəd liviyalıları bir-birini öldürməyə təhrik edir.
DOSTLARINLA PAYLAŞ: