Rusiya Azərbaycanın Dağlıq Qarabağı güc yolu ilə geri qaytarmasını istəmir
07 Avqust 2012 Çərşənbə Axşamı 12:57
Moskva Karnegi Mərkəzinin direktoru Dmitri Trenin: Rusiya Azərbaycanın Dağlıq Qarabağı güc yolu ilə geri qaytarmasını istəmir.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri rusiyalı tanınmış politoloq, Moskva Karnegi Mərkəzinin direktoru Dmitri Trenin müəllifi olduğu “Post İmperium” kitabında yazıb. Müəllifin sözlərinə görə, Ermənistan Rusiyanın Cənubi Qafqazda rəsmi tərəfdaşıdır: “Ermənistan regionda Rusiya hərbi bazasının yerləşdiyi yeganə dövlətdir. 2010-cu ilin avqustunda Ermənistanla rəsmi Moskva arasında Rusiya hərbi bazasının bu ölkədə saxlanılmasının müddətinin 2044-cü ilə qədər uzadılması haqqında müqavilə imzalanıb. Gümrüdəki hərbi bazanın əsas vəzifəsi şimalda Gürcüstanı, cənubda Türkiyəni, şərqdə isə Azərbaycanı nəzarətdə saxlamaqdır. Məlumdur ki, Rusiya bu müqavilə ilə regionda öz təhlükəsizlik perimetrini möhkəmləndirir. Bu müqavilə ilə Rusiya Ermənistanın sərhədlərinin toxunulmazlığını zəmanət altına alır və bu rəsmi Bakıya da bir işarədir ki, o Dağlıq Qarabağı güc vasitəsi ilə almağa cəhd etməsin”.
Rusiya-Azərbaycan münasibətlərini şərh edən politoloq bildirib ki, Rusiya üçün Azərbaycan regionun enerji siyasətində mühüm yer tutur: “Buna baxmayaraq Rusiya rəsmi Bakının Qərbin neft nəhəngləri ilə, o cümlədən Türkiyə ilə sıx əlaqələrinə səbirlə yanaşmağa hazır olduğunu bəyan edib. Lakin Vaşinqtonun Azərbaycan və Qazaxıstana hərbi dəniz qüvvələrini modernləşdirməyə kömək etməsi rəsmi Moskvanın ürəyincə deyil. Rusiya bir daha prinsipial olaraq bəyan edir ki, Xəzər dənizi ancaq sahilyanı ölkələrə məxsusdur. Kənar ölkələr isə Xəzər dənizinin təhlükəsizlik problemləri ilə məşğul ola bilməzlər. Bununla əlaqədar ABŞ-ın “Xəzər qoruyucusu” (Kaspiyskiy straj) təşəbbüsünə cavab olaraq Rusiya tərəfi Xəzəryanı ölkələrin hərb-dəniz dəstəsi “CASFOR”u yaratmağı təklif edib”.
DOSTLARINLA PAYLAŞ: