Ruhi xəstələr cəmiyyətdən təcrid olunmalıdırlarmı?
23 Mart 2014 Bazar 16:25
Gəray Gəraybəyli: Təəssüf ki, bir çox insanlar psixi xəstələrin mütləq qapalı bir yerdə saxlanılmalı olduğunu düşünürlər.
İl ərzində paytaxtdakı ruhi-əsəb dispanserlərinə 15 minə yaxın insanın müraciət edir. Hazırda respublika üzrə 9 psixiatriya xəstəxanası, 11 dispanser fəaliyyət göstərir. Bu yaxınlarda Salyan rayonunda 2 mərtəbəli 100 çarpayılıq Rayonlararası Psixiatriya Xəstəxanasının açılışı olub. Kişi və qadın bölmələrindən ibarət xəstəxana Salyan və 8 ətraf rayon (Sabirabad, Saatlı, Hacıqabul, Şirvan, Neftçala, Cəlilabad, Beyləqan) sakinlərinə xidmət edəcək. Məlumata görə, digər bölgələrdə də oxşar profilli tibb müəssisələrinə ehtiyac var.

Respublikanın baş psixiatrı Gəray Gəraybəylinin sözlərinə görə, ölkədə son 40 ildə ilk dəfə olaraq həm psixiatriya yardımı, həm də ümumiyyətlə psixi sağlamlıq istiqamətində köklü dəyişikliklər həyata keçirilir: “Plana əsasən, yaxın 3 il ərzində bu müəssisələrin bir qismi əsaslı təmir ediləcək, bir qismi isə tamamilə yenidən qurulacaq. Artıq paytaxtda və bölgələrdə müasir tələblərə cavab verən bir neçə korpus tikilib və müasir avadanlıqlarla təchiz olunub. Təəssüf ki, bir çox insanlar psixi xəstələrin mütləq qapalı bir yerdə saxlanılmalı olduğunu düşünürlər. Onlar hesab edirlər ki, ölkədə psixiatriya müəssisəsi nə qədər çox olsa, bir o qədər yaxşıdır. Məncə, bu, çox yanlış fikirdir. Söhbət xəstəxanaların açılması və ya çarpayı fondunun genişləndirilməsindən yox, məhz alternativ yardım növlərindən gedir. Məsələn, o qədər adam var ki, kiçik problem üçün psixiatrik xəstəxanaya getməkdən utanır, problem qalır və daha da dərinləşir”.

Baş psixiatr deyir ki, inkişaf etmiş Avropa ölkələrində çarpayı fondu o qədər də çox deyil: “Məsələn, Amsterdam kimi şəhərdə 12 nəfərlik izolyator var. Ondan yalnız kəskin xəstələr üçün istifadə olunur və burada 3-4 gün saxlanıldıqdan sonra xəstələrin müalicələri həm ev, həm də ambulator şəraitdə davam etdirilir”.

Gəray Gəraybəyli hazırda xəstə qəbulunda hər hansı problemin olmadığını deyir. O, psixi problemləri olan insanların dövlət balansında olan mərkəzlərə müraciət etməklə də müalicə olunmalarının mümkünlüyünü bildirdi. Fərdi şəkildə psixoloqa və ya psixiatra müraciət etmək baha başa gəldiyi üçün psixiatrik yardım göstərən, müayinə və müalicə edən dövlət səhiyyə müəssisələrinin olması, əlbəttə, vacib sayılır.

Yəqin ki, psixoloq məsləhəti almağın neçəyə başa gəldiyini bilirsiniz. "Bu qədər vəsaiti necə ödəyəcəm” deyənlər isə Səhiyyə Nazirliyinin balansında olan ruhi-əsəb dispanserlərinə, ixtisaslaşmış psixiatriya xəstəxanalarına müraciət etməklə pulsuz müalicə kursu keçə bilərlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar