Rövnəq Abdullayev Neft Daşlarında müşavirə keçirib
28 İyun 2011 Çərşənbə Axşamı 18:12
ARDNŞ prezidenti Rövnəq Abdullayev dəniz yataqlarının beynəlxalq standartlar səviyyəsində işlənilməsininin vacibliyini önə çəkib.
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Neft Daşlarına səfər edib. ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səfərdə ARDNŞ rəhbərliyini “Azneft” İstehsalat Birliyi və şirkətin digər idarə və müəssisələrinin başçıları müşayiət edib.
R. Abdullayev və onu müşayiət edən şəxslər “28 May” NQÇİ-nin burada yerləşən Lay təzyiqinin saxlanılması sexində olub, köhnəlmiş hidrotexniki qurğuların demontaj edilməsi işləri ilə maraqlanıblar. Şirkət prezidentinə məruzə edilib ki, gəmilərin sərbəst şəkildə əraziyə yan alması və işləmələri üçün bu hissədə köhnə estakadalar sökülüb, istismar olunan neft-qaz xətlərinin yeri dəyişdirilərək suyun altı ilə çəkilib. R. Abdullayev bu işlərin sürətləndirilməsi məqsədi ilə müvafiq idarələrin rəhbərlərinə tapşırıqlar verib.
Sonra Neft Daşlarındakı qaz-lift quyularının qidalandırılması üçün quraşdırılmış separatorlara baxış keçirilib. Burada ARDNŞ prezidentinə məlumat verilib ki, Neft Daşlarındakı quyuların qaz-lift üsulu ilə daha səmərəli istismar olunması haqqında onun tapşırığına əməl edilib, bu məqsədlə mövcud separatorlardan istifadə etməklə tələb olunan əlavə qazın “Günəşli” yatağından nəql edilməsi məsələsi öz həllini tapıb.
Yolüstü Sıxıcı Kompressor Stansiyasına baş çəkən ARDNŞ prezidentinə stansiyanın normal fəaliyyət göstərdiyi bildirilib. Daha sonra ARDNŞ rəhbərliyinin nümayəndələri “Günəşli” yatağında hasil olunan lay sularının təmizlənərək utilizə edilməsi məqsədi ilə tikilən yeni qurğunun inşası ilə tanış olub.
ARDNŞ rəhbərliyinin nümayəndələri Neft Daşlarındakı doqquzmərtəbəli yataqxana binasının əsaslı təmirdən sonra istifadəyə veriməsi mərasimində də iştirak edib. O, 156 otaqdan ibarət 316 çarpayılıq bu yataqxananın istifadəyə verilməsi ilə Neft Daşlarındakı yataqxana korpuslarında aparılan təmir işlərinin müvəffəqiyyətlə başa çatdırıldığını söyləyib və bu münasibətlə dəniz neftçilərini təbrik edib.
Sonra R. Abdullayevin sədrliyi ilə istehsalat müşavirəsi keçirilib. ARDNŞ prezidenti qeyd edib ki, prezident İlham Əliyev dəniz yataqlarının beynəlxalq standartlar səviyyəsində işlənilməsini şirkətin fəaliyyətinin prioritetlərindən biri kimi müəyyənləşdirilib. Bu baxımdan “Neft Daşları” və “Palçıq Pilpiləsi” yataqlarının böyük potensiala malik olduğunu söyləyən ARDNŞ prezidenti işin effektiv təşkili məsələlərini xüsusi vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: