Roma Papası Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib
14 Yanvar 2011 Cümə 11:05
XVI Benedikt Vatikanda akkreditə olunmuş səfirimizi qəbul edib.
Roma Papası XVI Benedikt Yeni illə bağlı arzularını bildirmək üçün Müqəddəs Taxt-tac yanında akkreditə olunmuş ölkələrin səfirlərini qəbul edib. Ümumi qəbuldan sonra katolik kilsəsinin rəhbəri səfirlərlə ayrı-ayrılıqda görüşüb.

Görüşdən sonra səfirlər ənənəyə uyğun olaraq, Papanın şərəfinə ziyafət veriblər. Ziyafət zamanı Azərbaycanın Fransadakı, eyni zamanda Vatikan Dövlətindəki səfiri Elçin Əmirbəyov Papa ilə təklikdə görüşüb, Azərbaycan prezidenti İlham Əliyevin salamlarını və Yeni il arzularını XVI Benediktə çatdırıb.

Roma Papası təşəkkürünü bildirib, bütün dinlərə münasibətdə tolerantlığın bariz nümunəsi olan Azərbaycan xalqına Yeni ildə sülh, tərəqqi və uğurlar arzulayıb.

Səfər çərçivəsində E.Əmirbəyov Bakıda katolik kilsəsinin açılışı münasibətilə 2008-ci ildə ölkəmizdə olmuş Vatikanın dövlət katibinə də Azərbaycan prezidentinin salamlarını çatdırıb.

Bu diqqətdən məmnunluq duyduğunu xüsusi vurğulayan dövlət katibi Azərbaycana səfərindən aldığı xoş təəssüratlarını xatırlayıb, Vatikanla Azərbaycan arasında əməkdaşlığın daha da möhkəmlənməsini arzulayıb.

Səfir xarici işlər və mədəniyyət nazirləri ilə işçi görüşü də keçirib. Görüşdə Vatikanla ölkəmiz arasında münasibətlərin inkişafı vurğulanıb, Azərbaycanın dünyəvi, eyni zamanda tolerant və dünyaya açıq ölkə kimi tanındığı, bu baxımdan digər İslam ölkələri üçün nümunə olduğu bildirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar