Robert Bradtke: “Danışıqlar prosesi indi çox çətin mərhələdədir”
08 İyul 2010 Cümə Axşamı 10:20
Amerikalı həmsədr Robert Bradtke Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini velosipedə bənzədib.
“Danışıqlar prosesi indi çox çətin mərhələdədir”. ATӘT-in Мinsk Qrupunun amerikalı həmsədri Robert Bradtke BBC-yə müsahibəsində belə deyib. Robert Bradke onu da bildirib ki, vasitəçilər üçün ən çətin məsələlərdən biri prezidentlərin tez-tez görüşməsidir. Danışıqlar prosesini velosipedə bənzədən həmsədr hesab edir ki, əgər dayansa, yerə yıxılacaqsan.
"Danışıqların hazırkı mərhələsində tərəflər qısamüddətli maneələrdənsə, gələcəyi görməyə çalışmalıdır. Bu işdə də Minsk qrupu dövlətlərinin liderlərinin rolu artmalıdır. ABŞ prezidentinin Kanadadakı bəyanata qoşulması, dövlət katibinin səfəri bunun baş verdiyinin sübutudur. Xanım Klinton çox gözəl bir ifadə işlətdi ki, "bəzən sülhə doğru son addımlar ən çətini olur"", deyə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bradtke BBC-nin ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə yeni yanaşması varmı? sualına cavab verib.
Rrobert Bratke bildirib ki, həll Helsinki prinsiplərinə əsaslanmalıdır: "Onlar prezidentlər Obama, Sarkozi və Medvedevin 2 dəfə bəyan etdiyi 6 elementi qəbul edirlər. Bunlar Dağlıq Qarabağın müvəqqəti, yekun statusları, işğal edilmiş ərazilərin qaytarılması, Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhliz, qaçqın və didərginlərin qayıtmaq hüququ və sülhü qorumaq daxil olmaqla beynəlxalq təminatlardan ibarətdir".
Amerikalı həmsədr qeyd edib ki, bu elementlər çözümün hissəsi olmalıdır. "İndi vasitəçilər bu altı elementi, əsas şərt olan Helsinki prinsipləri ilə uzlaşdırmalı və çərçivə sənədinə köçürməlidir və bunun da əsasında yekun çözüm danışıqları aparılmalıdır. Biz indi çox vacib və çətin bir mərhələdəyik", deyə Robert Bradtke qeyd edib.
Amerikalı həmsədr Azərbaycan və Ermənistan prezidentlərinin sülhün əldə olunması üçün siyasi iradə nümayiş etdirdiyini vurğulayıb: "Əsas məsələlərdən biri prezidentlərin tez-tez görüşməsidir. Bu bizim üçün çətin bir məsələdir. Prezidentlərdən biri bizə deyir ki, mən sülh istəyirəm, o isə yox. Eyni sözü qarşı tərəfdən eşidirik".
Prezidentlər arasında müqayisə aparan amerikalı həmsədr əlavə edib ki, onlar bir-birinə oxşamır: "Stilləri də, yanaşmaları da fərqlidir. Amma əminəm ki, hər iki prezident dinc həll yolunun tapılması işinə sadiqdir". Robert Bradtke eyni zamanda vəziyyətin təhlükəli olduğunu deyib: "Bu dondurulmuş münaqişə deyil. Təmas xəttinin ətraflarında adamlar həlak olmaqdadır". ANSPRESS
DOSTLARINLA PAYLAŞ: