Riçard Morninqstar Azərbaycana avqustun 25-dən sonra gələcək
17 Avqust 2012 Cümə 11:57
Dağlıq Qarabağ münaqişəsinin həlli həm Azərbaycanın, həm də Ermənistanın mənafeyinə xidmət edir.
Vaşinqtonda fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatasında ABŞ-ın Azərbaycandakı yeni səfiri Riçard Morninqstarla görüş keçirilib. APA-nın “Amerikanın səsi”nə istinadən verdiyi məlumata görə, səfir Xəzər regionunda enerji əməkdaşlığı və təhlükəsizliyindən bəhs edib. ABŞ-ın regionda enerji siyasətinin memarı hesab edilən R. Morninqstar ölkəsinin regionla balanslı siyasət yeritdiyini bildirib: “Bu gün ABŞ-ın regionda enerji siyasəti daha mürəkkəb və daha çoxşaxəlidir”.

R. Morninqstar Azərbaycanda həllini tapmamış məsələlərə toxunaraq, Dağlıq Qarabağ münaqişəsindən danışıb. O, münaqişənin həllinin hər iki tərəfin mənafeyinə xidmət etdiyini vurğulayıb.

Son 20 ildə 20 dəfədən artıq Azərbaycanda olduğunu deyən R. Morninqstar “Cənub enerji dəhlizi”, xüsusilə “Nabucco” neft kəmərinin enerji ehtiyatlarının diversifikasiyası baxımından Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüşdə yeni səfirin Azərbaycana avqust ayının 25-dən sonra yola düşəcəyi bildirilib.

Qeyd edək ki, R. Morninqstar 2009-cu ildə ABŞ dövlət katibinin Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib. 1999-2001-ci illərdə isə o, ABŞ-ın Avropa Birliyində səfiri olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar