Rəsmi Bakıdan Türkiyə-Ermənistan protokollarına sərt etiraz
11 Oktyabr 2009 Bazar 03:15
“Birtərəfli qaydada Türkiyə-Ermənistan sərhədlərinin açılması regional sülh və təhlükəsizlik arxitekturasını sual altına qoyacaq”
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İsveçrənin Sürix şəhərində Türkiyə və Ermənistan arasında imzalanmış protokollarla bağlı bəyanat verib. Bəyanatda deyilir:
“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi cari ilin 10 oktyabr tarixində İsveçrədə Türkiyə Respublikası ilə Ermənistan Respublikası arasında diplomatik münasibətlərin qurulması və münasibətlərin inkişaf etdirilməsi haqqında protokolların imzalanması ilə əlaqədar aşağıdakıları bildirməyi məqsədəuyğun hesab edir.
Məsələ ilə bağlı Azərbaycan tərəfinin mövqeyi birmənalıdır. Türkiyə 1993-cü ildə Ermənistanla sərhədlərini Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına və Azərbaycana qarşı həyata keçirilən təcavüzə etiraz əlaməti olaraq bağlayıb. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, etnik təmizlənməyə məruz qalmış 1 milyona yaxın Azərbaycan vətəndaşları öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşüb və işğal olunmuş ərazilərdə Azərbaycanın tarixi-mədəni irsi məhv edilib. Bu müddət ərzində BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyası, ATƏT, AŞPA, İKT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş Ermənistanın təcavüzkar siyasətini pisləyən, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını tələb edən çoxsaylı qətnamələrə və sənədlərə Ermənistan məhəl qoymayıb və bu təcavüzün nəticələrinin aradan qaldırılması istiqamətində heç bir irəliləyiş əldə olunmayıb.
Azərbaycan tərəfi məsələ ilə bağlı Türkiyə Respublikasının yüksək rəsmilərinin, həmçinin Baş nazir cənab Rəcəb Tayyib Ərdoğanın çoxsaylı açıqlamalarına, xüsusilə də onun 14 may 2009-cu il tarixində Azərbaycan Respublikası Milli Məclisində “Türkiyə Ermənistan ilə sərhədləri Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edildikdən sonra bağlayıb. Bu işğal ortadan qalxandan sonra sərhədlər açıla bilər. Biz azərbaycanlı qardaşlarımız razı qalmadığı müddətdə bu nöqtədən irəli bir addım atmarıq. Bunlar bir-biri ilə bağlıdır, ayrı salına bilməz”, habelə 17 sentyabr 2009-cu il tarixində Türkiyə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə iftar süfrəsində “Azərbaycan-Ermənistan arasındakı sıxıntılar aşılmadığı müddətdə biz qapıları aça bilmərik… Bu problemi həll etmədən bizim o addımı atmağımız mümkün deyil” kimi səsləndirdiyi fikirlərə əsaslanır.
Dəfələrlə qeyd etdiyimiz kimi hər bir dövlətin digər dövlətlərlə münasibətlərini müəyyənləşdirməsi prinsip etibarilə onun suveren hüququdur. Lakin Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmayana qədər Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırması Azərbaycanın milli maraqları ilə birbaşa ziddiyyət təşkil edir və Azərbaycan ilə Türkiyə arasında tarixi köklərə söykənən qardaşlıq münasibətlərinin ruhuna kölgə salır. Regionda bütün sərhədlərin və kommunikasiyaların açılmasının vacibliyini nəzərə alaraq, Azərbaycan hesab edir ki, birtərəfli qaydada Türkiyə-Ermənistan sərhədlərinin açılması regional sülh və təhlükəsizlik arxitekturasını sual altına qoyacaq”.ANSPRESS
DOSTLARINLA PAYLAŞ: