Rəsmi Bakıdan Avropa Parlamentinə sərt cavab
13 May 2011 Cümə 18:26
Novruz Məmmədov: "qətnamənin qəbulu dərin təəssüf hissi doğurur".
“Heç bir ciddi əsas olmadan Avropa Parlamentində Azərbaycan üzrə təcili müzakirələrin təşkili və əlaqədar qətnamənin qəbulu dərin təəssüf hissi doğurur. Demokratiya və insan haqlarına hörmət olunması sahəsində bu gün mükəmməl dövlət yoxdur və müxtəlif ölkələrdə, eləcə də Avropa ölkələrində ayrı-ayrı konkret problemlərin vaxtaşırı meydana çıxması halları tez-tez müşahidə olunur”. APA-nın məlumatına görə, bu sözləri Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Avropa Parlamentinin mayın 12-də Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.
Şöbə müdiri bu mənada hər hansı əsaslı araşdırma aparmadan və Azərbaycanın rəsmi qurumlarının mümkün mövqeyini öyrənmədən çox məhdud miqyaslı və məhdud sayda insanın cəlb olunduğu formatda bəzi hadisələrlə bağlı təcili müzakirələr prosedurundan Azərbaycana qarşı sui-istifadə olunmasının ölkəmizin nüfuzuna xələl yetirməyə yönəldiyini vurğulayıb: “Digər tərəfdən belə bir yanaşma hazırda Avropa İttifaqı ilə qurduğumuz unikal münasibətlərlə heç bir şəkildə uzlaşmır və mövcud qarşılıqlı etimada zərbə vurur. “Şərq Tərəfdaşlığı”nın fəal iştirakçısı, Avropa Parlamenti və “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərini bir araya gətirən “Avronest” Parlament Assambleyasının təsisçiləri sırasında olan Azərbaycana münasibətdə atılmış bu addıma müəyyən məntiqi izah tapa bilmir və bəzi siyasi qüvvələrin arxasında dayandığı bu təşəbbüsü ikili standartların bariz nümunəsi kimi qəbul edirik”.
N. Məmmədovun fikrincə, dünyanın müxtəlif bölgələrində gündəlik insan tələfatı ilə nəticələnən insan haqlarının kütləvi pozulması hallarına, eyni zamanda, Azərbaycan ərazilərinin işğal olunmasına və bir çox hüquqlarından məhrum edilmiş yüz minlərlə məcburi köçkünlərinin taleyinə laqeydlik göstərən həmin siyasi qüvvələrin əsl məqsədi Azərbaycanın Avropaya inteqrasiya yolunda həyata keçirdiyi davamlı fəaliyyətlərə kölgə salmaq, arada olan qarşılıqlı etimad və inamı azaltmaqdır: “Avropa Parlamenti prezidentinin ölkəmizə ilk səfəri ərəfəsində sözügedən qətnamənin qəbulu mövcud əməkdaşlıq mühitini mürəkkəbləşdirmək və diqqəti yanlış istiqamətdə yayındırmaq məqsədi güdür. Ümid edirik ki, Avropa Parlamentindəki mütərəqqi qüvvələr Azərbaycanla tərəfdaşlığa sadiqlik nümayiş etdirəcək və gələcəkdə belə xoşagəlməz halların təkrarlanmasına imkan verməyəcək. Lakin bu cür addımlar xarici siyasətimizlə bağlı bəzi məsələlərə toxunmağı vacib edir. Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən, çiçəklənən, həm də xarici siyasətdə böyük nailiyyətlər qazanan dövlətlərindən biridir. Bu inkişaf təkcə paytaxtda yox, həmçinin Azərbaycanın rayonlarında da gedir, çox vaxtlar isə kəndləri də əhatə edir. Bu uğurlar, nailiyyətlər prezidentlə xalqın birliyi fonunda baş verir. Beləliklə, Azərbaycan müstəqillik dövründə Qərblə ən uğurlu əməkdaşlıq edən, möhtəşəm layihələr həyata keçirən yeganə dövlət olduğunu təsdiq edib. Biz bu formada əməkdaşlıq edərək - həm dövlətçiliyimizi qorumaq, həm də demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu həyata keçirmək istəyirik. Lap bu yaxınlarda diplomatik korpusun Avropa nümayəndələri ilə söhbət zamanı, Avropanın Azərbaycana nə üçün bir neçə çox mühüm tale yüklü məsələlərlə bağlı açıq aşkar, qərəzli, ədalətsiz mövqe tutmasına dair suallarıma - 907-ci düzəliş, Dağlıq Qarabağ, Bakı-Tbilisi-Qars, sərhədlərin açılması, və s. - ağlabatan cavab tapa bilmədilər. O zaman elan etdim - əgər mənə haqlı olduğunuzu sübut edə bilsəniz, inandıra bilsəniz, onda yüzlərlə kiçik məsələləri bir tərəfə qoyacağam, onlar haqqında heç nə deməyəcəyəm. Təəssüf ki, cavab əvəzinə qəribə baxışlardan və sükutdan başqa bir şey görmədim. Bu gün dünyada belə bir mövqe formalaşıb ki, Qərb siyasi və iqtisadi cəhətdən beynəlxalq aləmdə yeganə və rəqibsiz qüvvə olduğunu gördüyü üçün hesab edir ki, beynəlxalq hüququ necə istəsə, elə də tətbiq edə bilər. Diplomatik korpusun nümayəndələri təəssüflər olsun ki, bizimlə danışıqlarda bir cür mövqe bildirir, amma bizdə olan məlumatlara görə öz ölkələrinə fərqli informasiyalar göndərirlər. Əgər Qərb və Avropa doğrudan da ədalətli, xoşməramlı olduğunu sübut etmək istəyirsə, onda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret, özlərinin yaratdıqları beynəlxalq hüquqa uyğun mövqe nümayiş etdirməlidir”.
N. Məmmədov bildirib ki, insan hüquqları və demokratiya Azərbaycan dövlətçiliyinin təməl prinsipləridir və belə də olacaq: “Lakin bu gün bunları siyasiləşdirərək başqa maraqlara bağlamaq faydasızdır və dünyada əks təsirə səbəb olacaq. Azərbaycanda siyasi partiyaların, medianın, QHT-lərin, internetin və s. fəaliyyətinə heç bir məhdudiyyət olmayıb və yoxdur. Lakin həmin dairələr insan hüquqları və demokratiya məsələlərində bu qədər ədalətlidirlərsə, qoy onda 1 milyon qaçqın və köçkünün taleyi ilə bağlı heç olmasa bir dəfə bir qətnamə qəbul etsinlər. 20 ildən artıq davam edən prosesə müşahidəçi qalmaq nə deməkdir? Düşünürəm, ikitərəfli əməkdaşlığın prinsipləri aydın olmalı, müəyyənləşməlidir. Bu zaman əməkdaşlıq qarşılıqlı faydalı və uğurlu olar”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: