Rəsmi Bakı Xocalı hava limanı ilə bağlı mövqeyini Beynəlxalq Mülki Aviasiya Təşkilatının diqqətinə
08 Noyabr 2012 Cümə Axşamı 05:36
Noyabrın 7-də Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT) yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi səfir Fərid Şəfiyev bu təşkilatın Şurasının iclasında çıxış edib.
APA-nın Azərbaycanın Kanadadakı səfirliyinə istinadən verdiyi məlumata görə, çıxış zamanı səfir Fərid Şəfiyev Xocalı hava limanının Ermənistanın işğalçı qüvvələri tərəfindən istismar edilməsi niyyətinə BMAT Şurasının üzvlərinin diqqətini cəlb edib. Səfir belə bir təxribatın həm beynəlxalq hüquqa zidd olduğunu, həm də bölgədə təhlükəsizlik vəziyyətinə xələl gətirdiyini vurğulayıb.
Daha sonra səfir Fərid Şəfiyev qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərinin üstündə olan hava məkanı mülki aviasiya uçuşları üçün bağlıdır və hər hansı təyyarənin belə bir zonaya göndərilməsi sərnişinlərin həyatının təhlükə altında qoyulması deməkdir. Səfir Ermənistanın bu cür məsuliyyətsiz addımlarını kəskin şəkildə tənqid edərək, Azərbaycanın öz hava məkanını beynəlxalq hüquq çərçivəsində, xüsusən Çikaqo Konvensiyasının müvafiq müddəalarına (Maddə 3 bis b) uyğun olaraq qorumaq hüququna malik olduğunu (məsələn, təyyarələrə qarşı tutma əməliyyatının həyata keçirilməsi - interception) diqqətə çatdırıb.
Səfir Fərid Şəfiyevin BMAT-ın rəhbərliyi ilə təmasları zamanı Xocalı hava limanı və ümumiyyətlə Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərin üzərində olan hava məkanının Azərbaycanın yurisdiksiyasında olduğu və Azərbaycan hökumətinin icazəsi olmadan digər ölkə tərəfindən hər hansı uçuşların təşkilinin qeyri-qanuniliyi təsdiq edilib.
DOSTLARINLA PAYLAŞ: