Rəsmi Bakı Liviyaya qarşı əməliyyatlara dəstək verdi
31 Mart 2011 Cümə Axşamı 00:41
Əli Həsənov: “BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsinin də icrasını təmin etməlidir”
“Beynəlxalq birlik Dağlıq Qarabağ münaqişəsinə də Liviyada olduğu kimi çevik münasibət göstərməli və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası Ermənistanla bağlı ayrı-ayrı vaxtlarda qəbul etdiyi dörd qətnaməsinin icrasını təmin etməlidir”. AzərTAc dövlət agentliyinin məlumatına görə, bu sözləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Liviya hadisələrinə münasibət açıqlayarkən deyib. Əli Həsənov Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Qəddafi hakimiyyətinin öz xalqına qarşı qəddar davranışını, dinc əhalinin tələfatına səbəb olan hərbi əməliyyatlarını dayandırmaq haqqında qərarının təqdirəlayiq olduğunu deyib. Bununla yanaşı, o, bildirib ki, bu məlum qərarın operativ icrası, beynəlxalq birliyin Qəddafinin nəzarətində olan silahlı qüvvələrə qarşı dərhal hərbi əməliyyatlara başlaması, bu prosesə NATO-nun qoşulması bir sıra məntiqi sualların ortaya çıxmasına da səbəb olur. “Belə ki, qurumun Liviyada baş verənlərə qarşı çıxardığı qətnamə dərhal və böyük iradə ilə icra olunduğu halda, Ermənistanla bağlı ayrı-ayrı vaxtlarda qəbul edilən 4 qətnamə 20 ilə yaxındır ki, icra edilmir. Bu hal dünya siyasətinin formalaşmasında, millətlər və dövlətlərarası münasibətlərin inkişafında mühüm təsirə malik ölkələrin ikili siyasətindən xəbər verir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Təhlükəsizlik Şurasının 4 qətnaməsi də Liviyaya dair qətnamə kimi qətiyyətlə və operativ icra edilməlidir. Ermənistandan BMT qətnamələrinin tələblərini öz xoşuna yerinə yetirməsini gözləmək və ona qarşı məcburetmə tədbirləri görməmək BMT-nin nüfuzuna ciddi zərbə vurur”, - deyə Əli Həsənov bildirib.
Prezident Administrasiyasının şöbə müdiri deyib ki, Liviyada mülki əhalinin təhlükəsizliyinin təminatı vacib məsələdir: “Lakin belə tədbirlər qətlə yetirilmiş minlərlə azərbaycanlıya, milyondan artıq qaçqın və məcburi köçkünə də şamil olunmalıdır. Ermənilər Azərbaycan torpaqlarını işğal edərkən həlak olan azərbaycanlıların sayı Liviyada üsyançılarla Qəddafi qoşunları arasındakı toqquşmalar zamanı ölənlərin sayından on dəfələrlə çoxdur. Azərbaycanda Ermənistanın işğalından ziyan çəkən insanların ümumi sayı Liviyada hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş insanların sayından qat-qat artıqdır. Xocalı və Qaradağlı hadisələrini törədənlər Beynəlxalq Tribunala cəlb olunmalıdır. ATƏT-in Minsk qrupunun çoxillik fəaliyyətinin heç bir nəticə verməməsi və onun işğalçı Ermənistana təzyiq etmək istəməməsini nəzərə alaraq, beynəlxalq birlik Dağlıq Qarabağ münaqişəsinə də Liviyada olduğu kimi çevik münasibət göstərməli və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını təmin etməlidir. Beynəlxalq birlik ikili standartlara son qoymalı, qəbul etdiyi qərarlara hörmətlə yanaşmalıdır”.
DOSTLARINLA PAYLAŞ: